Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Belə ki, martın 10-da koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər sağalaraq evə buraxılıb. Analiz nümunələri müsbət çıxan 7 nəfər isə vəfat edib. Yoluxanların və ölənlərin sayının artması karantin rejimin yenidən sərtləşəcəyi ilə bağlı fikirləri ortaya çıxarıb. Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu gün karantin rejimi ilə bağlı hansı qərarın qəbul ediləcəyini demək çətindir:
"Ümumi statistikada artım var. Təəssüf ki, gündəlik yoluxanların sayı artdığından cəmiyyətdə karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı müzakirələr gedir. Karantin rejimi ilə bağlı qərar qəbul edilən zaman epidemioloji vəziyyət təhlil edilir. Bilirsiniz ki, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Operativ Qərargah yoluxanların sayında ciddi artım olarsa, karantin rejiminin yenidən sərtləşməsi ilə bağlı qərar qəbul edə bilər. Amma hələ ki, bununla bağlı konkret qərar yoxdur. Mən bir daha vətəndaşlarımıza müraciət edirəm ki, bu məsələdə hər birimiz diqqətli olub, qaydalara əməl etməliyik ki, yoluxanların sayı yenidən artmasın. Yoluxmaların sayının artma səbəblərdən biri insanların kütləvi toplaşması, karantin qaydalarına əməl etməməsidir. Bilirsiniz ki, yoluxanların sayı xeyli azalmışdı. Hətta gündəlik yoluxanların sayı iki rəqəmliyə düşmüşdü. Təəssüf ki, bu gün artıq yoluxanların sayı yenidən yüksələrək, 500-ü keçib. Ona görə də vətəndaşlarımız diqqətli olub, karantin qaydalarına məsuliyyətlə yanaşmalıdırlar. İnsanlarımız qaydalara əməl etməklə həm özlərini, həm də yaxınlarını qorumuş olacaqlar. Karantin rejimi ilə bağlı qəbul ediləcək qərar barədə yaxın günlərdə insanlarımıza məlumat veriləcək".