"Əslində, bələdiyyə və icra strukturları arasında rəqabət olmalıdır. Azərbaycanda bələdiyyə institutu yaranan zaman fikirləşirdik ki, onlar xalqa daha yaxın olacaqlar. Xalqın güzəranı, sosial-məişət problemləri ilə birbaşa təmasda olub, onlarla maraqlanıb həllində dövlətə və icra strukturlarına kömək edəcəklər”.
Axin.az Sfera.az-a istinadən xəbər verir ki, bunu yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, düşünülənlərin əksinə, bələdiyyələrin passiv fəaliyyəti insanların onlara olan marağını, inamını tamamilə öldürüb:
"Bələdiyyələr ancaq vergi yığılan zaman, torpaq alqı-satqısında ortaya çıxmaqla və bu tipli bürokratik metodlardan istifadə etməklə əslində Azərbaycan əhalisinin inamsızlığı ilə bağlı problem yaşayırlar. Bələdiyyə təsisatına olan maraq get-gedə azalır. Əgər bələdiyyə sədrləri, müavinləri, üzvləri onları seçən yerli əhali ilə işləyə bilmirsə və həmin vətəndaşların qəbulu ilə əlaqəli müəyyən qrafik qoyurlarsa, onda onlar niyə seçilirdi?
Görünür ki, bələdiyyə ya icra strukturlarına, məmurlara lazım olan müəyyən fəaliyyəti göstərmək üçün əhalidən arayışa pul almaqla , torpaq satmaqla, vergilərin bir qismini yığmaqla, dövlət büdcəsindən gələn pulu mənimsəyib öz qohum-əqrabasının arasında bölməklə baş qatırlar”.
A.Əbilov bildirib ki, bələdiyyələr yerli idarəetmə strukturu olaraq əhalinin yanında olmalıdırlar: "Dövlətə olan inam, sevgi məhz bu struktur vasitəsilə daha da çoxalmalıdır. Lakin vətəndaşların böyük hissəsi dövlət qurumlarına məktublarla müraciət edirlər. Bəzi sadə problemləri – qəbirstanlıqların vəziyyəti, yollar, işıqlandırma və digər bu kimi sosial-məişət məsələlərini bələdiyyələr həll edə bilərlər. Bələdiyyə təsisatı hakimiyyətin bir qolu olaraq digər qurumlarla rəqabət aparmalıdırlar. Bu gün dövlət qurumları ilə yanaşı, ASAN xidmət də yaradıldı və insanlara hara daha rahatdırsa, onu seçmək şansı verildi. Belə dəyişiklik bələdiyyələrə tətbiq edilməlidir ki, xalqın bu quruma inamı yaransın”.