Nardaran qəsəbəsində ilk dəfə bələdiyyə sədrliyi qadına həvalə olunub.
Sabunçu rayon III seçki dairəsindən 23 namizədin arasından bələdiyyə sədri seçilən Pərvanə Nəsirova News24.aza bildirib ki,
doğulub böyüdüyü Nardaran qəsəbəsində bələdiyyə 2009-cu ildə yaradılıb. Bu gunə qədər yerli idarəetmə orqanında yalnız kişilər təmsil olunub. Lakin ötənilki seçkilərdə o, özünü sınayıb: “2019-cu ildə ilk qadın namızəd olaraq seçkiyə qatıldım. Sabunçu rayon III seçki dairəsindən 23 namizədin arasında 13 nəfər seçilib. Onlar arasında yeganə qadın mənəm”.
Gənc bələdiyyə sədri Bakı şəhərində anadan olub. Nardaran qəsəbəsindəki 295 saylı orta məktəbi bitirib. Sankt-Peterburq Dövlət İqtisad Universitetinin hüquq fakültəsində təhsil alıb.
Pərvanə Nəsirovanın sözlərinə görə, Nardaran camaatı mövhumata daha çox meyyili olsalar da, rayona yeni icra başçısı təyin olunandan sonra burda təhsilə, qadınların öndə olmasına böyük şərait yaranıb: “Bundan sonra inam yarandı və qadınların oxumasına üstünlük verməyə başladılar. Mən də “Qadın əli dəydiyi yerdə gül bitər” fikrinə inanıb bu addımı atdım. Bununla da göstərmək istəyirəm ki, nardaranlı qadınlar heç kəsdən geri qalmırlar. Onlar da təhsilli, qabaqcıl xanımlardır. Bələdiyyə sədri kimi əsas məqsədim burda qadınların, qızların yüksək təhsil almasıdır. Sadəcə, bu işdə müəyyən təkanlar lazımdır. Eyni zamanda yerli idarəetmə orqanının sədri kimi burda bir sıra islahatlar aparmağı düşünürəm. Yəqin bilirsiniz, Nardaranda qadınlar işləmir. Nəinki qadınlar, kişilərin də işləmə səviyyəsi aşağıdır. Burada xalçaçılıq müəsissəsi, atelye açılıb. Qəsəbədəki işsiz insanların belə müəssisələrə işə cəlb olunması üçün çalışacağam” deyib Pərvanə Nəsirova
P.S Dini mövhumat insanları daimi bir qorxu altında saxlayır, onların şüurunu kütləşdirir, təşəbbüs və bacarığını əlindən alır.