Artıq bir ildən çoxdur ki, karantin rejimində yaşayırıq. Aylarla toy, şənlik, gülər üz görməyən insanlar həm də küçədə xoş sima əvəzinə tibbi maskalı şəxslərlə qarşılaşırlar.
Maraqlıdır, bu durum insanların ruh halına, depresiyaya, intiharlara meyllənməsinə nə dərəcədə təsir edir?
Axin.az xəbər verir ki, mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı bildirib ki, hər kəsdə bədbinlik, aqressiya, somatik depressiya, panik atak, xroniki depressiya əlamətləri görülür:
“Çünki insanlar bir ildən çoxdur, karantinin nəticələrindən əziyyət çəkirlər. Onlarda azadlıq hissinin məhdudiyyəti var. Biz hər an pis nəsə baş verə biləcəyini anlayır və sanki bunu gözləyirik. Ən böyük zərbə isə sabah hansı xəbərlərin, məlumatın olacağını bilməməkdir. Bu kimi faktlar insanlarda daxili aqressiyaya səbəb ola bilir. Təbii ki, bunlar da intiharların artmasına, ailədaxili şiddətin çoxalmasına və bədbinliyə gətirib çıxarır”.
Psixoloq qeyd edib ki, bu gün işlə bağlı məhdudiyyətlər, insanların asosiallaşması, özünü sosial mühitdə tətmin edə bilməməsi, bir-birilə münasibət qura bilməməsinə gətirib çıxarır:
“İnsanlar bir həftə, bir ay sonranın planını cıza bilmirlər. Planları alt-üst olur. Bu da insan psixologiyasında müəyyən sarsıntılara səbəb ola bilər. Hər bir şəxs müəyyən hadisələri özünün psixoloji durumuna uyğun olaraq dəyərləndirir. Pandemiyanın zərəri isə hazırda psixoloji durumu zəif insanlarda daha çox hiss olunur”.
F.Mehmanqızının sözlərinə görə, Azərbaycan xalqının normal duruma adaptasiyası çətin olacaq : “Çünki biz emosional cəmiyyətik. İnsanların psixoloji ruh halının normallaşması müəyyən müddət alacaq. Bu müddətdə nələrin baş verəcəyi və cəmiyyətimizə necə təsir edəcəyini isə zamanla görəcəyik”./sfera.az/