“Onları mənim yerimə gətirib qoymaqla o demək deyil ki, Azərbaycan Yazıçılar Birliyi yeniləşəcək və bunlar da olacaq yeni adam”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca deyib. F.Qoca onun istefasını məsləhət görən gənc yazarlara cavab verib:
“İstefanı özüm verməliyəm, amma bilsəm ki, yerimə o cavanlar gələcək, onda dünəndən gedərdim. Onları mənim yerimə gətirib qoymaqla o demək deyil ki, Azərbaycan Yazıçılar Birliyi yeniləşəcək və bunlar da olacaq yeni adam. Mən özümü cavanlaradan da yenilikçi hiss edirəm və o qədər də köhnəlməmişəm. Qaldı ki, vəzifədən yapışıb qalmamışam, bu, seçki yoluyla baş tutub, iki minə yaxın üzvümüz var, onlar mənə səs veriblər. Anar müəllim də belə seçilib. İndi mən o adamlara deyim ki, səs verməklə səhv etmisiniz, filankəslər bizi bəyənmir? Biz burda olmasaq da yenə narazıçılıq olacaq. Çünki hər kəs özünün sədr olmasını istəyir”.
Qeyd edək ki, bir neçə gün öncə gənc yazarlar Cəlil Cavanşir və Mirmehdi Ağaoğlu Anar və Fikrət Qocanın istefa verməsini məsləhət görmüşdü.