“Doğrusu, Azərbaycanın böyük kino xadimi Vaqif Mustafayev mənim tələbəm olub, kursumu bitirib. Həm də dostuq, ata-oğul kimi münasibətimiz olub. Mənə zarafata “uçitel” yəni müəllim deyirdi”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Kinorejissor “Space” kanalının yeni rəhbərini də təbrik edib:
“Kamil Şahverdiyev Rəşid Behbudovun kürəkəni və adını daşıyan fondun direktorudur. Uzun illərdir ki, “Space” kanalında sabiq sədr Vaqif Mustafayevin müavini işləyib. İndi də sədr seçilib, onu təbrik edirəm. Doğrusu, Azərbaycanın böyük kino xadimi Vaqif Mustafayev mənim tələbəm olub, kursumu bitirib. Həm də dostuq, ata-oğul kimi münasibətimiz olub. Mənə zarafata “uçitel” yəni müəllim deyirdi. Ona görə də həmişə şərait yaradırdı ki, ayda bir neçə dəfə televiziyaya çıxım. Mənim Kamil müəllimlə də münasibətlərim yaxşıdır. Bir sözlə, münasibətim hamıyla yaxşıdır, məndən heç kimə ziyan gəlmir. Əslində hansı kanala gedirəmsə, onlara reytinq qazandırıram. Kamil müəllim televiziyanın içində işləyən adamdır, yaxşı ki, kənar adam deyil”.
Xalq artisti kiminsə kənarda qeyri-peşəkar qohumunu hansısa idarəyə rəhbər gətirməsinin əleyhinə olduğunu bildirib:
“Hər sahədə 10- işləyən peşəkar insanlar var. Yəni bu insanlar işinə öz ömrünü verir. Amma bir də görürsən ki, kənardan kimisə bura rəhbər təyin edirlər və o, adam da görməzə-bilməzə bura başbilənlik edir. Məni narahat edən budur. Adamları işdən çıxarır, guya islahat aparır. Ona görə də həmişə deyirəm ki, bu eybəcər ənənəni yığışdırmaq lazımdır. Məlum olur ki, kənardan gələn də qeyri-peşəkar, işinin mahiyyətini bilməyən və kiminsə işsiz qalan qohumudur. Nəhayət onların qohum-əqrabası ilə oranı çapıb-talamağa şərait yaranır. Atalar deyir ki, “çörəyi çörəkçiyə vermək lazımdır”, amma bizdə əksinədir”.