İsmayıllı Peşə Tədris Mərkəzi ilə İsmayıllı Şərab-2 müəssisəsi arasında duala bənzər peşə təhsili və təliminin tətbiqi üzrə qurulmuş strateji əməkdaşlıq əlaqəsi öz töhfəsini verir. Tərəflər arasında ötən ilin fevral ayında əldə olunan razılaşmaya əsasən müəssisə tərəfindən İsmayıllı Peşə Tədris Mərkəzi üçün ayrılmış 2 hektar üzüm sahəsindən 8,4 ton məhsul (Saperavi, Rkatsiteli və Bayan Şira üzüm növləri) toplanıb. Hazırda istehsal olunmuş şərabın markalanması və qablaşdırılması üzrə işlər aparılır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Axin.az-a bildirilib ki, bu ilin birinci rübü ərzində İsmayıllı Peşə Təhsil Mərkəzinin xüsusi əmtəə nişanı altında hazır şərabları satışa çıxaracağı planlaşdırılır.
Qeyd edək ki, Şərab-2 müəssisəsi tərəfindən tədris mərkəzi üçün ayrılmış üzüm sahəsi tələbələrin nəzəri biliklərinin praktiki olaraq tətbiqinə imkan yaratmaq, tələbə və müəllim heyətini qabaqcıl təcrübə ilə tanış etmək və beləliklə üzümçülük və şərabçılıq üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərmək məqsədilə ayrılıb. Belə ki, ötən ilin fevral ayından etibarən üzüm sahəsinə qulluq işlərini, məhsul yığımını, emalını (şərabın hazırlanması) birbaşa İsmayıllı Peşə Tədris Mərkəzinin üzüm və şərab ustası ixtisasının tələbləri müəllimlərin və “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində cəlb olunmuş yerli və xarici mütəxəssislərin müşayiəti ilə həyata keçiriblər.
Xatırladaq ki, layihə Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsil müəssisəsində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.