Xəbər verildiyi kimi, 2020-ci il avqustun 12-də Bərdə rayonu ərazisində baş vermiş silahlı insident zamanı rayon sakini Camalov Mansur Kamil oğlu qəsdən öldürülüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qeyd edilən fakt üzrə qurumun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb:
“Aparılmış istintaqla 2020-ci il avqustun 11-də saat 23 radələrində müxtəlif növ odlu və soyuq silahla silahlanmış bir qrup şəxsin- Rəşad Zamanovun, Cavidan Məmmədovun, Şirxan İmanovun və Xəyyam Musazadənin ictimai qaydanı kobud şəkildə pozaraq aralarında daha əvvəl baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Bərdə rayonunun Şorəlli kəndi ərazisində Rauf Bağırov, Mansur Camalov, Ziyad Tahirzadə, İbrahim Abbasov, Adıgözəl Abbasov, Nicat Əzizov, Qoşqar Babayev və Ruslan Süleymanovla görüşən zaman silahlı münaqişə baş verib. Nəticədə Mansur Camalov qəsdən öldürülüb, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasovun isə qəsdən öldürülməsinə cəhd edilib.
Rəşad Zamanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə, Cavidan Məmmədova- 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi adam öldürməyə cəhd) və digər maddələri ilə, hadisənin iştirakçıları olan digər 9 təqsirləndirilən şəxsə isə törətdikləri cinayət əməllərinə uyğun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, hər birinin barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib”.
Rəsmi məlumata görə, hazırda istintaq yekunlaşdırılaraq, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər və digər məhkəmələrə göndərilib.