Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi evdən və avtomobillərdən oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Axin.az-a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi evlərin birinə qeyri-qanuni yolla daxil olaraq televizor oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş Mehran Hüseynov yaxalanıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində M.Hüseynovun digər oğurluq cinayətləri törətməsi də aşkarlanıb. Belə ki, o, tanışı - Gəncə şəhər sakini Elmir İsmayılovla birlikdə Göygöl rayonuna gələrək avtomobillərdən musiqi avadanlığı oğurlayıb. Onlar oğurladıqları əşyaları satıblar.
Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.