Son günlər həyata keçirilən antikorrupsiya əməliyyatlar fonunda ekspertlər DTX-nin fəaliyyətini necə qiymətləndirir?
Sfera.az bu sualla ekspertlərə müraciət edib.
"DTX mövcud təhlükələrin qarşısını almaq məqsədilə kifayət dərəcədə aktiv fəaliyyət göstərir və hiss olunur ki, kifayət qədər uğurları da var”.
Bu sözləri saytımıza açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son bir illik fəaliyyəti və onun korrupsiyaya qarşı mübarizə istiqamətində gördüyü işləri dəyərləndirərkən sabiq milli təhlükəsizlik zabiti İlham İsmayıl deyib:
"Hər halda Eldar Mahmudovun 11 il 3 aylıq, Mədət Quliyevin isə 3 illik fəaliyyətindən sonra DTX-da böyük irəliləyiş oldu. Mədət Quliyev də bu sahədə müəyyən iş gördü. Ən azından qurumu yaramaz kadrlardan xeyli dərəcədə təmizlədilər.Son bir ildə DTX sözün həqiqi mənasında daha çox dövlətin təhlükəsizliyilə məşğul olub. Bunu cəmiyyət və ictimaiyyət də görür. Qurumun apardığı antikorrupsiya əməliyyatı vacib faktorlardan biridir. Bu da cəmiyyətə müsbət təsir edir”.
Həmsöhbətimizin sözlərinə görə, antikorrupsiya əməliyyatları cəmiyyətdə birmənalı olaraq ictimai dəstək qazanır: "DTX-nın antikorrupsiya əməliyyatı cəmiyyətimizin bütün sferalarını əhatə edir. Yəni, DTX sözün həqiqi mənasında təhlükələrin qarşısını almaq üçün kifayət qədər aktiv fəaliyyət göstərir və hiss olunur ki, burada nəzərəçarpan uğurları var. Qurumun fəaliyyətini müsbət qiymətləndirirəm”.
"Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları mühüm rol oynaya bilərdi”.
Belə bir açıqlama isə politoloq Zərdüşt Əlizadəyə məxsusdur:
"Bütövlükdə korrupsiyaya qarşı mübarizə aparmaq üçün ayrı-ayrı şəxslərin həbs edilməsi heç də ən vacibi deyil. Korrupsiyaya yol verməmək üçün sistemli islahatlar aparılmalıdır. Bunun da ən sadə üsulu odur ki, dövlət vəsaitinin xərclənməsi aşkar olmalıdır. Amma bu baş vermir. Çünki sərəncam verən şəxslər bunda maraqlı deyil. Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları mühüm rol oynaya bilərdi”.
Bunu sayta açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib: "Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bu islahatlar demək olar, həyatın bütün sahələrini əhatə edir. Azərbaycan kifayət qədər potensiala malik ölkədir. Qeyd edək ki, ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzində olub. Bu istiqamətdə davamlı islahatlar həyata keçirilib və həmin proses də bütövlükdə dövlət idarəetmə orqanları tərəfindən vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib”.
Deputat bildirdi ki, bu istiqamətdə atılan addımlar yaxın zamanlarda öz müsbət nəticələrini verəcək:
"Korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi kifayət qədər təsirlidir və bu addımlar gələcəkdə ölkənin inkişaf səviyyəsində özünü göstərəcək. Bu təhlükəli və cəmiyyətin inkişafını ciddi şəkildə ləngidən hala qarşı bütün istiqamətdə addımların atılması vacibdir ki, bunu da görməkdəyik.
Azərbaycanın irəli getməsi üçün bütün müstəvilərdə şəffaflıq olmalıdır. Ölkə Prezidentinin həyata keçirdiyi islahatların ruhuna uyğun gəlməyən korrupsiyaya yol verməklə islahatların qarşısını almağa cəhd edən istənilən şəxs öz cəzasını almaqdadır və bundan sonra da alacaq”.
"Peşəkar kadrlar yenidən xüsusi xidmət orqanlarına qayıdıb”.
Bunu isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov söylədi: "Xüsusi xidmət orqanları dövlətin ən vacib və spesifik strukturlarından biridir. Təəssüf ki, əvvəlki rəhbərliyin qeyri-peşəkarlığı, diletantlığı və dövlətin maraqlarına deyil, şəxsi mənafelərin təminatına xidmət etməsi bu struktura ciddi ziyan vurmuşdur. Hazırda bu zərər aradan qaldırılır, peşəkar kadrlar öz layiqli yerlərini tutur.
Ölkədə əməliyyat şəraitinə nəzarət gücləndirilib. Təbii ki, ötən illərdə yol verilən nöqsanların aradan qaldırılması xeyli güc və müddət tələb edir.
Azərbaycanın sıravi vətəndaşı kimi korrupsiya əleyhinə mübarizəsini dəstəkləyirəm. İlk baxışda belə təsəvvür yarana bilər ki, korrupsiya cinayətlərinin müəyyən olunması və aradan qaldırılması xüsusi xidmət orqanlarının fəaliyyət istiqamətlərinə qismən aiddir. Bu qanunvericilikdə də təsbit olunub. Lakin görünür, koorupsiya o dərəcədə şaxələnmiş və təşkilatlanmışdır ki, artıq dövlətçiliyimizə gizli təhdid xarakteri daşımağa başlamışdı. Məhz buna görə DTX-nın fəaliyyətini alqışlayır və əminəm ki, həmin fəaliyyət bundan sonra da uğurla davam edəcək. Təbii ki, DTX-nın keçirdiyi əməliyyatların təfərrüatı əməliyyat-istintaq mülahizələrinə görə hələlik ictimaiyyətə açıqlanmır. Doğrudur, bu mətbuatda və sosial şəbəkələrdə müəyyən konspiroloji ehtimallar yaradır. Həqiqətin açıqlanmasına isə çox qalmayıb”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu belə düşünür:"Hazırda milli təhlükəsizliyimizin başında məhz Azərbaycan dövlətinə qulluq edən, dövlətimizi qoruyan insanlar dayanıb. Onlar öz işlərinin öhdəsindən çox operativ, peşəkarcasına gəlirlər”.
Bunu deyən AMİP lideri Etibar Məmmədov onu da vurğuladı ki, ciddi dəyişikliklər var: "Onlar operativ işlərini davam etdirir. Qurumun son dövrlər həyata keçirdiyi tədbirlər də təbii ki, müsbət qarşılanır.Ancaq keçirilən bu əməliyyatlar ilkin mərhələdir. Sonrakı mərhələdə həmin əməliyyatların məqsədinin nə olduğu bilinəcək. Həmçinin, baş vermiş hadisələrin kökünə gedib çıxmaq lazımdır. Gözləyək görək, həmin hadisələrin kökünə gedib çıxıb, səbəblərini də araşdırsınlar”.
"Hər hansı bir nazirliyin fəaliyyətinə qiymət vermirəm”
Bu fikirləri isə Ümid Patriyasının sədri İqbal Ağazadə dedi: "Dövlət Təhlükəsizlik Xidmətinin monitorinqini aparmamışam. Heç zaman hərhansı bir nazirliyin fəaliyyətinə qiymət vermirəm. Hakimiyyətin siyasətinə qiymət verirəm”.