Dünyada terrorçuluğun yeni növü tətbiq olunmağa başlaya bilər. Belə ki, terrorçular koronavirusa yoluxan üzvlərini koronavirusu yaymağa çağırırlar.
MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov bildirib ki, terror qruplaşmaları xəstə üzvlərinə müraciət edərək, koronavirusu ictimai yerlərdə yaymağa çağırıb. Bəs terror təşkilatlarının bu çağırışı hansı effekti verə bilər?
Sərhədlərin qapalı olduğu bir zamanda onlar bu işi hansı şəkildə həyata keçirə bilərlər? Sərhədlərin bağlı olması interenet üzərindən “verbovka”nı daha da asanlaşdırıb, indi heç yana getmədən para qarşılığında xəstəliyi istənilən ölkədən təlimat verməklə, asanlıqla yaya bilərlərmi? Bu təhlükədən qorunmaq üçün nə etməli?
Sabiq MTN polkovniki, təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a öncə bildirdi ki, bu, yeni, lakin hələ elə də populyar olmayan məsələdir. Koronavirusa yoluxmuş hər hansı bir terror təşkilatı üzvü ya başqa bir ölkəyə getməlidir, ya da öz ölkəsində yoluxmanı həyata keçirməyə çalışmalıdır. Hər bir halda, bunun terrorçular üçün böyük uğurunun olacağı ehtimalı çox azdır: “Əvvəla, ölkələrarası sərhədlər qapalıdır. Ölkənin xaricdən gələn vətəndaşları isə koronavirus testindən keçirilirlər. Deməli, koronavirusu yaymağı qarşısına qoyan şəxsin xaricdən keçə bilməsi mümkün deyil. Koronavirusla bağlı ölkələr öz sərhədlərini kifayət qədər qoruya bilirlər. Terror təşkilatlarının məlum çağırışı sadəcə qorxutmaq, vahimə yaratmaqdır. Ola bilsin ki, terror təşkilatları müxtəlif ölkələrdəki şəbəkələrinə, üzvlərinə koronavirusu yaymaq göstərişi veriblər. Amma bunun onlar üçün müvəffəqiyyətli olacağı, effekt verəcəyi inandırıcı deyil. Onsuz da onlarsız da koronavirus bəşəriyyəti, planeti sarıb. Yəni terrorçular onu yaysalar da, yaymasalar da bu təhlükəli xəstəlik yayılır. Yəni hansısa terror qruplaşması bu fikrə düşübsə belə, bu, ciddi effekt verəcək metod olmayacaq”.
İlham İsmayıl vurğuladı ki, terror təşkilatlarının çağırışını ölkənin daxilində həmin təşkilatların üzvü olan, yaxud onların təsiri altına düşən şəxslər həyata keçirməyə cəhd edə bilərlər: “Məsələn, həmin şəxslərdən kimlərsə koronavirusa yoluxubsa, o ictimai nəqliyyata minə, insanların cəmləşdiyi digər yerlərə gedə virusu yaymağa çalışa bilər. Bunun üçün maskasız həmin yerlərə gedər, başqa şəkildə virusu yayar. Belə adamlar həm üzvü olduqları təşkilatdan göstəriş də ala bilərlər, həm də pul qarşılığında bu cür terror hərəkətini həyata keçirməyə cəhd edə bilərlər. Lakin bu fikrə düşən şəxslər bilməlidirlər ki, bununla ciddi bir effekt əldə edə bilməyəcəklər. Bəlkə də heç özləri bilmədən öz dini həmfikirlərini də yoluxdura biləcəklərini də unutmamalıdırlar”.
Ekspert onu da qeyd etdi ki, haqqında söhbət gedən yeni növ terrorun qarşısını almaq əslində elə də asan sayılmamalıdır: “Kimsə qarşısına qəsdən yoluxdurma məqsədini qoysa məqsədinə çatar. Amma effekti az olacaq. Lakin hər bir halda, xüsusi karantin rejimi qaydalarına əməl olunmasına maksimum şəkildə nəzarət olmalıdır. Vətəndaşlar da diqqətli, ayıq-sayıq olmalıdırlar. Şübhəli şəxsin olduğunu hiss etdikdə həmin şəxsdən kənar dayanmalıdırlar”.
“Yeni Müsavat”