Bu yeni məsələ deyil, xalq hər zaman harınlayıb qudurmuş məmurların, xalqın var-dövlətini talayanların, başqa sözlə, xalqa xəyanət edənlərin cəzalandırılmasını böyük məmnuniyyət hissi ilə qarşılayır, dövlətin gücünü görüb rahat olur.
Belə olanda maddi sıxıntı çəkən, kasıblıq içində olan xalq kütlələri mənfi ovqata köklənmir, anlayır ki, kasıbçılıq varsa da, hamı üçündür, necə deyərlər, “palaza bütün, elnən sürün”. Amma insanlar görəndə ki, əlində xalq malını qamarlamaq imkanı olanlar başqalarından daha yaxşı, daha firavan yaşayırlar, bu zaman ölkədə ədalətin olmadığını düşünür, narazı qalırlar.
Üstündən 80-85 il keçsə də, bu gün yaşlı əhali arasında Stalin və Bağırovun haqqında dildən-dilə gəzən müsbət xarakterli əfsanələrin hamısı onların dövründə harınlayanların, xalq malını talayanların ciddi şəkildə cəzalandırılması ilə bağlıdır. Onlara nə qədər istəyirsən, repressiyadan, günahsız insanlardan danışa bilərsən, sonda mütləq deyəcəklər ki, düzdür, ola bilər, qurunun oduna yaş da yandırıblar, amma o dövrdə dövlətin, xalqın malını talayıb cibini dolduranların heç biri cəzasız qala bilməzdi.
Buradan o nəticəyə gəlmək olar ki, insanlar mahiyyətcə qanunsuzluqlara, ədalətsizliklərə qarşıdır, hər cür cinayətkarlara qarşı dövlətin sərt olmasını arzu edir.
Fəqət hamımız bilirik ki, uzun illər ərzində bir çox vəzifə adamlar öz əlaqələrindən, səlahiyyətlərindən yararlanaraq özləri üçün cəzasızlıq mühiti yaradıblar və dövlətin büdcəsini talamaqla kifayətlənmir, xalqın cibinə də əl uzadır, sadə insanların güzəranını pisləşdirirdilər. Xalq isə ümidini üzmürdü. İnsanlar öz aralarında danışanda deyirdilər: “Əl-əlbət, bu ölkənin yiyəsi, sahibi gələcək, zalımlara öz yerini göstərəcək, cəzalarını verəcək”.
Ona görə də hazırda bir sıra İH başçılarının iş başında, cinayət üstündə tutulub qandallanmasına xalqın münasibəti təxminən bu cürdür. Çoxları hesab edir ki, nəhayət, gözlənilən gün gəlib çatıb, indi haramxor zalımların cəzalandırılması kampaniyası gedəcək.
Bu cəzalandırma aktlarını Dövlət Təhlükəsizliyi Xidmətinin aparması iki prizmadan diqqətəlayiqdir. Birincisi, bu kimi korrupsiya faktları gerçəkdən də adi kriminal olaylar deyil, sırf dövlətin təhlükəsizliyi ilə bağlıdır. Dövlətin büdcəsinin talanması, xalqın sosial baxımdan həssas təbəqəsinin soyulması, dövlətdən narazı salınması birbaşa sosial partlayış ehtimalını gücləndirən hərəkətlərdir və bununla məhz DTX məşğul olmalıdır.
İkincisi, məlum olduğu kimi, sabiq nazir Eldar Mahmudovun dönəmində MTN özünü tamamilə yıpratmış, dövlət qarşısındakı funksiyalardan əsaslı surətdə sapmış, sahibkarlardan xərac toplayan quldurların iqamətgahına çevrilmiş, bu üzdən fəaliyyəti ləğv edilmişdi. Bu baxımdan qanunpərəst təhlükəsizlik zabitlərinin bu sistemin reputasiyasını bərpa etmək üçün xalqın çağırışına səs verməsi zəruri idi və hiss olunur ki, bu proses də yüksələn xətt üzrə gedir.
Sosial şəbəkələrdə bu fəaliyyəti təqdir edən minlərlə şərh görmək olar. DTX-nın üzü görünməyən, qara maskalı, hərbi mundirli əməkdaşı artıq ədaləti bərpa edən naməlum Zorro kimi simvola çevrilib, öz rayonlarının idarə edilməsindən, korrupsiya və rüşvətxorluq hallarının tüğyan etməsindən təngə gəlmiş insanlar həmin o naməlum əməliyyatçını öz rayonlarını dəvət edirlər. Bir qədər satirik səciyyə daşıyan həmin dəvətlərin başlıca qayəsi odur ki, o adam gəlsin, N. rayonunda ədaləti bərpa etsin, haramxorları, zalımları cəzalandırsın.
Musavat.com