Gənclər layihələrini il boyu Gənclər Fonduna təqdim edə biləcəklər.
Axin.az xəbər verir ki, fevralın 6-da Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə yekun hesabat dinlənib,
2020-ci il üzrə Fəaliyyət Planı, həmçinin, Könüllülük ili ərzində təşkil olunacaq tədbirlər və Gənclər təşkilatlarının layihələrinin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün mövzular müzakirə olunaraq təsdiq olunub.
Həmçinin, Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə A və B kateqoriyaları üzrə 14-cü qrant müsabiqəsi elan edilib.
10 fevraldan 10 marta qədər gənclər təşkilatları təsdiq edilmiş mövzular üzrə layihələrini Gənclər Fonduna təqdim edə bilərlər.
Müşahidə Şurasının digər qərarına əsasən, fiziki şəxslərin layihələrinin maliyyələşdirilməsi istiqamətinə xüsusi yenilik tətbiq edilib. Belə ki, gənclər aktual mövzular üzrə layihələrini artıq il boyu Gənclər Fonduna təqdim edə biləcəklər.
Müşahidə Şurasının müvafiq qərarına uyğun olaraq, müsabiqə mövzuları Gənclər Fondu tərəfindən gənclərlə aparılacaq müzakirə və sorğular əsasında ən geci 15 gün ərzində müəyyən edilərək, dərc olunacaq. İclasda, həmçinin, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tərəfindən iki illik hesabat və növbəti il üzrə nəzərdə tutulan fəaliyyət planının təqdimatı keçirilib.