Koronavirus adı ilə daha çox bilinən “Covid-19” virusu təkcə insan sağlığını deyil, Yer kürəsinin bütün həyat sahələrinə ciddi təsir göstərməkdədir. Özəlliklə Çin iqtisadiyyatına dəyən zərər artıq on milyardlarla ölçülür.
Axin.az “Euronews” kanalına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqaladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan hazırda əsən panika havasının bir qədər yersiz olduğunu söyləyib.
“Bu, çox ciddi bir hadisədir və böyümək potensialı da var. Lakin yoluxanların sayı nəzərə alınsa, biz cavab tədbirlərini balanslaşdırmaq məcburiyyətindəyik. Çünki Hubey vilayəti xaricində epidemiya əhalinin olduqca cüzi hissəsinə toxunub”,-deyə o qeyd edib.
Mark Rayan koronavirusla əlaqədar səyahət gəmilərinin hərəkətinə qadağan qoyulmasının da əleyhinə olduğunu bildirib. “Əgər biz potensial patogenlə hər hansı bir kontakta görə hər bir səyahət gəmisini dayandırsaq, bu hara qədər sürəcək”,-deyə o bildirib.
Koronavirusla fövqaladə şəkildə mübarizə olunmasının əleyhinə çıxanlardan biri də ÜST-nın baş direktoru Tedros Adhan Gebreyesusdur. Onun sözlərinə görə, yoluxanların sayında azalma müşahidə edilməsi sevindirici gəlişmədir. “İnfeksiyaya bulaşan insanların 80%-də xəstəlik yüngül keçir, 14%-də isə ciddi simptomlar müşahidə olunur. Ən ağır vəziyyətdə olanların sayı isə ümumi göstəricilərin 5%-ni təşkil edir”,-deyə o vurğulayıb.
T.Gebreyesus həmçinin uşaqlar arasında yoluxma hallarının azlığına diqqət çəkərək bunun araşdırlmasının vacib olduğunu söyləyib.
ÜST-ün informasiyasına əsasən, xəstələnənlər arasında “Covid-19”dan ölənlər təxminən 2%-dir ki, bu da 2002-2003-cü illərdə tüğyan edən “SARS” atipik pnevmoniya və ya Yaxın Şərqdə meydana çıxan respirator sindromdan vəfat edənlərin sayından azdır.