ABŞ Konqresinin Nümayəndələr Palatası 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib. Ölkəmizin ABŞ-dakı Səfirliyindən bildiriblər ki, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin ölkəmizdə azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. O vaxt Azərbaycan xalqının sovet əsarətindən təngə gəldiyi və onunla mübarizə əzmini nümayiş etdirdiyi bildirilir.
Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst azadlıq çağırışlarına sovet rəhbərliyi silah və tanklarla cavab verdi. Bunun nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, yüzlərlə insan yaralandı və həbs olundu. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən, azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və bu mübarizənin 1991-ci ilin oktyabrında müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır. Bildirilir ki, müstəqilliyin elan edilməsindən sonra Azərbaycan regionda azadlıq mayakı rolunu oynadı, ABŞ-la dost və müttəfiq oldu. Bəyanatda, həmçinin, faciə zamanı həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı inkişafı qeyd olunur, Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.
20 Yanvar faciəsi ilə bağlı ABŞ-ın nüfuzlu təsisatının qəbul etdiyi bu bəyanatı necə dəyərləndirmək olar?
Rauf Zeyni: “Verilən bəyanatı münasibətlərimizin ruhuna tam uyğun sayıram”
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ Konqresinin verdiyi bu bəyanatı təqdir etmək lazımdır: “20 Yanvar faciəsi bəşəriyyətin tarixinə qanlı hərflərlə yazılmış hadisədir. Kifayət qədər insanın öldüyü və yaralandığı həmin hadisənin motivi sadə deyil. Yəni həmin insanlar başqa ölkə ilə müharibədə ölməyiblər. Ölkəmizin müstəqilliyini və azadlığını tələb edən adamlar tanklarla əzilib, güllələnib. ABŞ dünyanın super dövlətidir və özünü demokratiyanın çarçısı adlandırır. Bakıda baş verən qanlı hadisə də demokratiya və azadlıq tələbinə görə olub. Yəni ABŞ bu cür hadisələrə daha sərt reaksiya verməlidir. Çünki dinc insanlar qətlə yetirilib. Azərbaycan ABŞ-la münasibətlərdə daim sadiqliyini nümayiş etdirib. ABŞ-ın rəhbərliyi ilə həyata keçirilən bütün antiterror koalisiyalarında yaxından iştirak edib. Bu baxımdan da verilən bəyanatı münasibətlərimizin ruhuna tam uyğun sayıram. Artıq faciənin üstündən 30 il keçir. Nə qədər böyük zaman keçsə də, biz onu unudulmağa qoymayacağıq. Verilən bu bəyanat bir daha sübut edir ki, insanlığa qarşı törədilən cinayətlər heç vaxt yaddaşlardan silinmir. Çox təəssüflər olsun ki, 20 Yanvar faciəsini törədənlər hələ də layiqli cəzalarını almayıblar. Ümid edirik ki, artıq bütün bəşəriyyətin diqqətini cəlb edən bu faciəyə lazımi hüquqi qiymət veriləcək. Doğru olaraq qeyd edilir ki, 20 Yanvar bütün keçmiş SSRİ respublikalarının azadlığı üçün mayak oldu. Əminəm ki, hətta uzun illər ötsə belə, xalqımızın 20 Yanvar fədakarlığı fəxrlə xatırlanacaq”.