axin.az

SON DƏQİQƏ

Qlobal STATİSTİK TƏHRİF həddi: Dünyada 4 faiz, bəs Azərbaycanda? - İqtisadçıdan İLGİNC RƏQƏMLƏR

11-05-2020, 16:48

Qlobal STATİSTİK TƏHRİF həddi: Dünyada 4 faiz, bəs Azərbaycanda? - İqtisadçıdan İLGİNC RƏQƏMLƏR“Tenderə qoşulmaq üçün məbləğ çox böyük olduğuna görə gənc kadrların bu prosesdə iştirakı çətinləşir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dövlət qurumlarında təftiş layihələri üzrə monitorinqin təşkili məsələsinə toxunan marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov deyib.

Alxan Xələfovun sözlərinə görə, bu sistemdəki boşluqları aradan qaldırmaq üçün ciddi nəzarət mexanizmi tətbiq edilməlidir:

“Məmurlar əldə etdikləri əmlak haqqında deklorasiya ilə ildə bir dəfə hesabat verməlidirlər. Həmçinin mobil tətbiqlər vasitəsilə məmurlarla vətəndaş arasında şəffaf əlaqənin qurulması təmin olunmalıdır.

Dövlət satınalmaları tender və katirovkalarında təklif zərflərinin açılması və qalibin seçilməsi mexanizmlərində isə satınalmanı elan edən qurumların özlərinin yox, hər hansı digər qurumun iştirakına, həmçinin bu prosesin də elektronlaşdırılmasına ehtiyac var.

Düzdür, son zamanlar bununla bağlı “Esatinalma” elektron sistemi yaradılıb. Lakin bu, məsələni tam həll etmir. Katirovka sorğularında təkliflər elektron sistemlə deyil, hələ də mexaniki zərf üsulu ilə verilir. Bəzi katirovka sorğularının müddəti məqsədli şəkildə çox qısa zamanı əhatə edir.

Dövlət tenderlərinə qoşulmaq üçün tələb edilən məbləğ isə həddindən artıq çoxdur. Bəzi şirkətlər məhz bu səbəbdən tenderlərə qoşula bilmirlər. Halbuki yeni qurulan şirkətlər gənc kadrlar hesabına daha innovativ həll yoluna əsaslanan çox ucuz qiymətlərlə təklif verə bilərlər.

Tenderə qoşulmaq üçün məbləğ çox böyük olduğuna görə gənc kadrların bu prosesdə iştirakı çətinləşir. Bu isə öz növbəsində dövləti baha qiymətə məhsul və xidmət almaq məcburiyyətinə gətirir. Eyni zamanda, bu vəziyyət iqtisadiyyatın inkişafına, o cümlədən, innovativ ucuz xidmətin həyata keçirilməsinə mane olur”.

Mütəxəssis qeyd edib ki, ölkədə açıqlanan rəsmi statistik məlumatlarda yol verilən təhriflər əlavə problemlərə yol açır:

“Dünya standartlarına görə, statistik məlumatda yanlışlıq dərəcəsi 4 faiz həddində qəbul edildiyi halda, bizdə bu göstərici 30 faiz civarındadır. Bu, nəticə etibarilə dövlət büdcə hesabatlarında iqtisadiyyat və maliyyə planlamalarında ciddi problem yaradır.

Hazırda ASAN Xidmət, DOST, SƏLİS və dövlət tərəfindən yaradılan digər innovativ qurumlar məmurla vətəndaş arasında şəffaf əlaqələrin qurulmasına imkan verir. Ölkəmizdə bütün dövlət qurumları belə çalışsa, heç bir məmur dövlətin maliyyəsini mənimsəyə, eyni zamanda, vətəndaşlardan rüşvət tələb edə bilməz”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA