Bu günlərdə Tehranda “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasından sonra ölkədə keçirilən etiraz aksiyaları zamanı 30-dək insan saxlanılıb.
“Axin.az” “Tasnim”ə istinadən xəbər verir ki, Ali Məhkəmənin sözçüsü Qulamhüseyn İsmayıli bu barədə bildirib: “Son hadisələrdə saxlanılanlar oldu, lakin onların dəqiq sayını söyləyə bilmərəm. İlkin məlumata görə 30 nəfərə yaxındır”.
O, saxlanılanlardan bəzilərinin məhkəmə araşdırmasından sonra azad edildiklərini söyləyib.
Xatırladaq ki, bu il yanvarın 8-də Tehrandan Kiyevə uçan “Boeing 737-800” tipli Ukrayna təyyarəsi qəzaya uğrayıb, 176 nəfərdən sağ qalan olmayıb. Bundan bir qədər sonra İran hökuməti təyyarənin səhvən hava müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb. Həmin açıqlamadan sonra ölkədə etiraz aksiyaları başlayıb.