Deputatlığa namizədliyi qeydə alınanlar arasında ötən əsrin 90-ci illərinin tanınmışlarından olan sabiq millət vəkili də var.
Bu, eks-deputat, sabiq nazir Tahir Əliyevdir.
T. Əliyev bu dəfə də namizədliyini Sumqayıt şəhərindən, 41 saylı Sumqayıt I dairəsindən irəli sürüb.
Onun namizədliyi 41 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.
Qeyd edək ki, həmin dairəni hazırda parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Mirzəcan Xəlilov təmsil edir.
Ancaq bu dəfə onun namizədliyi YAP tərəfindən dəstəklənməyib.
YAP həmin dairədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın namizədliyini irəli sürüb və onun da namizədliyi təsdiqlənib.
H. Hüseynova bununla ikinci dəfə seçkilərə qatılır.
T. Əliyevə gəlincə, o, Ayaz Mütəllibov və Yaqub Məmmədovun hakimiyəti dövründə müdafiə naziri (24 fevral 1992 – 17 mart 1992) və daxili işlər naziri (17 mart 1992 – 25 aprel 1992) vəzifələrində çalışıb.
Mərhum Heydər Əliyevin ikinci hakimiyyəti dönəmində isə bir müddət Dövlət Gömrük Komitəsinin sədri (30 iyul 1993 – 10 yanvar 1995) vəzifəsində çalışb.
Hazırda ehtiyatda olan generaldır.
Uzun illər mediadan və siyasi proseslərdən kənarda dayanmağa üstünlük verib.
1990-95-ci illərdə millət vəkili olan T. Əliyev məşhur “43-lər”dən, “İstiqlal”çı deputatlardandır.(etikxeber.az)