"Rusiyanın avrolaşma qərarı əslində sanksiyalardan yayınmaq üçün hər hansı bir əsas yaratmır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Rəşad Həsənov Rusiyanın "avronun lehinə” dollardan imtina etmək qərarını şərh edərkən verib. Ekspert hesab edir ki, faktiki olaraq sanksiyalar hansı valyuta növü ilə əməliyyat həyata keçirirsə-keçirsin, burada valyuta növü vacib məsələ deyil:
"Söhbət hesabların dondurulmasından, iqtisadi əməkdaşlıqdan, layihələr çərçivəsində texniki yardımdan söhbət gedir. Burada Rusiya avrolaşma qərarı qəbul etməklə bu sanksiyalardan yayına bilmir. Sanksiyalar öz yerində qalacaq. Məsələ sadəcə Rusiyanın hansısa formada, yəni ABŞ-a qarşı öz mövqeyini sərgiləməsidir. Burada daha birinci dərəcəli dönərli valyuta olan dolların hansısa formada mövqeyinin zəiflədilməsinə istiqamətlənmiş bir qərar kimi də şərh oluna bilər. Rusiya buna cəhd edir. Qısamüddətli dövrdə qərar müəyyən bir bazarda çalxalanmalara gətirib cıxara bilər. Müəyyən investorlar çəkinə bilərlər, dolların gələcək məzənnəsinin zəifləməsindən qorxaraq öz investisiyalarını başqa valyutlara, o cümlədən avroya yönəldə bilərlər. Bu da dolların məzənəsinin zəiflədilməsinə gətirib cıxarda bilər. Amma düşünmürəm ki, orta və uzunmüddətli dövrdə bu texnologiya işləsin. Çünki avroya münasibətdə dolların arxasında daha güclü iqtisadiyyat, eyni zamanda daha çevik idarəetmə mexanizmləri durur".