“İkinci Qarabağ müharibəsinin gedişatında və döyüşlər bitdikdən sonra Ermənistanın işğalçı siyasəti nəticəsində xalqımıza dəyən zərərə görə beynəlxalq məhkəmələrə, xüsusilə də Avropa Məhkəməsinə müraciət olunması zərurətindən çox danışılır. Hətta mətbuatda məlumatlar paylaşılır ki, artıq bir sıra müraciətlər göndərilib. Mətbuatda çıxış edən hakimiyyət nümayəndələri, hüquqşünaslar və ictimaiyyət təmsilçiləri son 30 ildə Ermənistanın ölkəmizə vurduqu zərərin əvəzinin ödənilməsi üçün Avropa Məhkəməsinə çox saylı şikayətlərin göndəriləcəyini bildirir. Aydındır ki, belə şikayətlər ancaq hakimiyyət qurumlarının təşəbbüsü və təşkilatçılığı ilə göndərilə bilər. Çünki bu şikayətlərin tərtibi üçün bütün məlumatlar yalnız onlarda var”.
Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib. Hüquqşünas bu mövzu barədə hakimiyyət nümayəndələrinin müsahibələrinin və çağırışlarının onda narahatlıq yaratdığını vurğulayıb:
“Ölkəmizin hər bir vətəndaşı kimi mən də belə şikayətlərin göndərilməsini alqışlayıram. İndi həmin şikayətlərin kimlər tərəfindən hazırlanması haqqında məndə məlumat yoxdur. Bu mövzu barədə hakimiyyət nümayəndələrinin müsahibələri və çağırışları məndə narahatlıq yaradır.
Çünki görürəm ki, həmin şəxslərin Avropa Məhkəməsinin praktikasından və bu praktikanın dəyişmə tendensiyasından məlumatları yoxdur. Bu isə hazırlanıb və göndəriləcək şikayətlərin nəticəsizliyi ilə yekunlaşacaqdır. Məsələn, dünən bir hüquqşünas deputat mətbuta verdiyi müsahibəsində son 30 ildə Ermənistanın ölkəmizə vurduğu zərərin əvəzinin ödənilməsi üçün Avropa Məhkəməsinə artıq şikayətlərin göndərildiyini və bundan sonra da çoxsaylı şikayətlərin göndəriləcəyini bildirib.
Görünür, hakimiyyət nümayəndələri məlumatsızdılar ki, belə şikayətlərdə zamanla bağlı Avropa Məhkəməsinin mövqeyi tamamilə dəyişmişdir. Belə ki, keçən həftə Avropa Məhkəməsi “Səmədov Ermənistana qarşı” işi üzrə qərar qəbul edib, həmin şikayəti qəbuledilməz elan edib və onu siyahıdan çıxarıb.
Məcburi köçkün olan Səmədov öz şikayətində işğal olunmuş ərazidə qalmış mülkiyyətindən istifadə edə bilməməsini göstərmişdi. Məhkəmə isə qərarını iki amillə əsaslandırıb: 1) Şikayət Ermənistan Avropa Şurasına üzv olunduğu 2002-ci ildən sonra verilib. 2) Şikayətin verilməsi ilə (2008-ci il) Ermənistanın Avropa Şurasına üzv olunduğu il arasında müddət çox olub.
Halbuki hamının yadındadır ki, Avropa Məhkəməsi “Çıraqov Ermənistana qarşı (şikayət verilib 2005)” və “Sərkisyan Azərbaycana qarşı (şikayət verilib 2006)” şikayətlərinə mahiyyəti üzrə baxaraq ərizəçilərin xeyrinə qərarlar qəbul edib”.
Mütəxəssis, bu fikri bölüşməkdə məqsədinin hökumət nümayəndələrinə çağırış etmək olduğunu vurğulayıb:
“Şikayətlərin effektli olması üçün onların predmetinin düzgün seçilməsinə diqqət yetirsinlər. Həm də milli maraqlara aid məsələləri siyasiləşdirməsinlər, bu işlərə peşəkarları cəlb etməkdən yayınmasınlar, hətta onlardan xoşları gəlməsə belə”.