“Biz gözdən düşmüş icra hakimiyyəti strukturunu bütün bölgələrdə prezidentin xüsusi nümayəndələri ilə əvəz etməliyik”.
Axin.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında söyləyib.
O, digər məsələyə də diqqət çəkib: “Bu gün icra hakimiyyətləri həm səlahiyyət sahibidirlər, həm də heç bir səlahiyyətə sahib deyirlər. Kaş ki, icra başçıları səlahiyyət sahibi olardılar və o halda onların yaxasından yaxşı mənada yapışmaq mümkün olardı”.
F.Mustafanın fikrincə, əhali işğaldan azad olunan rayonlara köçürüləndən sonra həmin rayonların icra hakimiyyətlərinin ləğvi məsələsi də nəzərdə tutulmalıdır: “Bu vəzifəyə xarizmatik insanların seçilib təyin edilməsi lazımdır. Təyin edilən şəxsin kimliyi, xarizması məskunlaşma məsələsində həlledici rol oynayacaq”.
Deputat deyib ki, bu yaxınlarda Qarakilsənin 150 sakini ona müraciət edib ki, Qarabağa köçməyə hazırıq.
F.Mustafa onu da bildirib ki, işğaldan azad olunmuş ərazilərdə xidmət keçən qurumların nümayəndələri ən ağır şərtlər altında fəaliyyət göstərirlər, fədakarlıq edirlər.