Tovuz istiqamətində erməni təxribatları və dinc əhalinin atəşə tutulması sığınacaqlarla bağlı məsələni yenidən gündəmə gətirdi.
“Yeni Müsavat” qəzeti olaraq Tovuz rayonunun cəbhəboyu kəndlərindən reportajlar hazırlayarkən sakinlər özlərinə sığınacaqlar yaratdıqlarını, səngərlər qazdıqlarını bildirirdilər. Deyirdilər ki, ermənilər kəndləri atəşə tutan zaman ilk olaraq həmin sığınacaqlara yığışırlar.
Müharibə şəraitində olan ölkələrdə sığınacaqlar necə olmalıdır? Müharibə şəraitində insanlara hansı təlimlər keçirilməlidir?
Bu sualları Musavat.com-a hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb.
Ekspert deyir ki, Tovuz hadisələri bu istiqamətdə görüləcək işlərin vacibliyini bir daha ortaya çıxardı:
“Son hadisələr bir çox məsələlərin həllinin zəruruliyini gündəmə gətirdi. Dövlət strukturları təcili olaraq baş nazirin rəhbərliyi altında bu işləri görməlidir.
Biz bilirik ki, erməni xaindir, namərddir. Onlar mülki evləri, dinc sakinləri həmişə atəşə tutur. Son hadisədə də Ağdan kənd sakini Əziz Əzizov dünyasını dəyişdi. Neçə ailənin evini dağıtdılar. Bu məsələyə görə Fövqəladə Hallar Nazirlyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təcili hərəkətə keçməlidir.
Çünki cəbhə bölgəsində olan mülki şəxslərin mütləq şəkildə düşmənin artileriya zərbələrindən qorunması və ya ümumiyyətlə, fors-major hallardan müdafiəsi ilə bağlı təlimlər keçirilməli, işlər görülməlidr.
Bu işlər vəsait tələb edilsədə görülməlidr. Müvafiq dövlət qurumları bunu nəzərə almalıdır".
Üzeyir Cəfərov qeyd edib ki, sığınacaqlarla bağlı işlər Bakıda da görülməlidir və mütləq olmalıdır:
“Məsələ, sadəcə, cəbhəboyu istiqamətlərdə görüləcək işlərlə kifayatlənməməlidir. Həmçinin Bakının özündə də bu cür addımlar atılmalı, sığınacaqlar olmaldır. İsrail, İngiltrə, Fransa, Çin kimi ölkələrdə insanlar müəyyən fövqəladə hallara hazırlanır. İsraildə müharibə siqnalı ilə insanların gizlənə biləcəyi sığınacaqlar var. Həmin sığınacaqlar bütün şəraitlə təmin olunub. Azərbaycanda da belə olmalıdır. Sığınacaqlar ən azı bir neçə günlük ərzaqla təmin olunmalıdır. Müvafiq qurumlar Bakı Metropoliteninə və digər kiçik sığınacaqlara güvənməməlidir. Əhalinin sayı nəzərə alınmalıdır”.
Ekspert maraqlı bir məqamı da qeyd edib. Deyib ki, Bakıda olan bəzi sığınacaqlar zəbt edilib:
“Azərbaycanda bir sıra sığınacaq obyektləri satılıb. Restoran, kafe və ya başqa obyektə çevrilib. Hərbi Prokurorluq şəxsən bu məsələni araşdırmalıdr. Amma həmin obyektlərin sənədlərinin kökü durur. Bunların hamısı araşdırılmalıdır. Gecikdirmək olmaz, çünki sonra ciddi problemlərlə üzləşəcəyik. Vaxtilə kiçik xərclə əmələ gələcək işlər görülmədi. İndi isə daha artıq xərc tələb olunur. Hər işi zamanında görmək lazımdır”.