Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "SH Memorial” MMC olub.
Yeniavaz.com xəbər verir ki, "SH Memorial” MMC Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin sifarişi əsasında Şəmkir şəhər S.Vurğun 277, 155/4, 155/8, 141/7, Çinarlı qəsəbə A.Mürşüdov 11/4, Şəhriyar 34 ünvanlarında dam örtüklərinin dəyişdirilməsi və Çinarlı qəsəbə S.Vurğun 160, Şəhriyar 48 ünvanlarında təmir işlərini həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün İcra Hakimiyyəti "SH Memorial” MMC -yə 119 min 410 manat 55 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "SH Memorial” MMC bu ilin may ayının 19-da Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi daha bir tender müsabiqəsinin qalibi olub. “SH Memorial” MMC Şəmkir rayonu, Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması işləri üçün İcra Hakimiyyətindən 104 min 854 manat 80 qəpik alıb.
Tender müsabiqəsində maraqlı məqam odur ki, "SH Memorial” MMC cəmi 3 ay əvvəl – 01.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şəmkir rayon İcra Hakimiyyəti isə tender müsabiqəsini aprel ayının 8-də elan edib.
Bu barədə məlumat “Respublika” qəzetində dərc olunub (http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/reklam-v-elanlar/item/26633-tender-elanlari).
Maraqlıdır ki, tenderin qalibi olan "SH Memorial" MMC tender elanından cəmi bir həftə əvvəl – 01.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.