Martın 10-da VI çağırış Milli Məclisin ilk iclası keçirildi. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova parlamentin sədri, Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçildi.
Qanunverici orqanın yeni rəhbərliyi ilə bağlı müxalifətin mövqeyini öyrəndik.
AĞ Partiya başqanı Tural Abbaslı: “Parlamentin yeni rəhbərliyi barədə yeni nə demək olar? Təbii ki, yeni heç nə demək olmaz. Kimsə deyə bilər ki, ilk dəfə xanım spiker seçilib filan, ancaq spikerin hansı cinsin nümayəndəsi olması iqtidarın siyasi kursuna təsir etmir. Yəni nə mən, nə də kimsə o xəyallara qapılmayıb ki, guya dünənə qədər kişi spiker idi, pis idi, bu gün xanım spiker seçilib hər şey yaxşı olacaq? Odur ki, siyasi yanaşma, siyasi sistem dəyişmədikcə şəxslərin dəyişməsi nəyisə dəyişə bilməz.
Tural Abbaslı: “Kimsə o xəyallara qapılmayıb ki...”
Həmçinin bu gün seçilən parlament rəhbərliyinə də yeni demək olmaz. Çünki onların ən azından bundan öncə 10 il deputatlıq keçmişi var. Əsas o deyil ki, rəhbərlik kimdir, əsas odur ki, o parlament necə formalaşdırılıb və kimin iradəsini əks etdirir. Yekunda deyə bilərəm ki, bu parlament xalqın iradəsini əks etdirmir və bununla da hər şey bitmiş olur”.
Əli Orucov: “Bu dəyişiklik təqdirəlayiqdir”
AMİP katibi Əli Orucov ümidlidir: “Doğrudur, rəhbərlik tam dəyişdi, yeni simalar gətirildi. Lakin yeni rəhbərlik də sələfləri kimi Prezident Administrasiyanın təsiri altında olacaq. Adların dəyişməsi heç nəyi dəyişmir. Bununla belə inanmaq istərdim ki, pozitiv bir yanaşma və müəyyən dəyişkiliklər olsun. Parlamentə və onun yeni rəhbərliyinə öz vəzifə səlahiyyətlərini və konstitusiya ilə nəzərdə tutulan funksiyaların həyata keçirilməsinə sərbəstlik verilsin. Milli Məclisin yeni sədri qadındır. Qadınlar daha çalışqan və kompromisə meylli olduqlarından müəyyən keyfiyyət dəyişliklərinin olmasına ümidlənirəm. Sahibə Qafarova bürokrat deyil, alimdir, uzun müddət pedaqoji fəaliyyət göstərib, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü olub.
Həm daxili auditoriyanı, həm də beynəlxalq münasibətlərə bələddir. Yaxud Əli Hüseynli, Adil Əliyev gəncdirlər, geniş potensialları var. Korrupsiyada və digər neqativ əməllərdə adları hallanmayıb. Hər ikisi müasir dövrün tələblərinə və çağırışlarına cavab verə biləcək təcrübəyə sahibdirlər. Hakim komandaya sadiqdirlər. Tutduğu vəzifəsinə görə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da müavin kimi öz yerində qalır. Fəzail İbrahimliyə gəlincə, düzü, onun haqqında hansısa ciddi gözləntilərimin olduğunu deməkdə çətinlik çəkirəm. Çünki Fəzail İbrahimlinin parlament fəaliyyəti dövründə onun hansısa məsələlərin müzakirəsində obyektiv mövqe sərgilədiyini görməmişəm. Müxalif partiya funksioneri olduğunu fəaliyyəti dövründə hiss etdirməyib.
Onun müxalifətin parlamentdə səsi və təmsilçisi olacağına şəxsən inanmıram və bunu da ondan gözləmirəm. Bütün bunlarla belə, hesab edirəm ki, nəticə çıxarmağa tələsməyə gərək yoxdur və 2-3 ay ərzində bu təyinatların özünü doğruldub-doğrultmayacağı bilinəcək. İstənilən halda bu dəyişiklik təqdirəlayiqdir. Yeni rəhbərlik qarşıda onları gözləyən ciddi proseslərin, çətinliklərin və sınaqların fərqini bilməmiş deyil. Bizim də üzərimizə uğurlar diləmək düşər. Könül istərdi ki, parlamentin yeni tərkibi öz keyfiyyətli fəaliyyəti ilə səsvermədə xalqdan qazana bilmədikləri etimadı qazansın və cəmiyyətinin gözləntilərini doğrulda bilsin”. "Yeni Müsavat"