“Uzun müddət deputat olmuş bəzilərinin yenidən namizəd olması (əsasən də indiyə kimi deputat olduqları dairədən) seçicilərdə ciddi narazılıq yaradıb. Həmin namizədlərin görüşlərinə baxdıqda (onlardan bir neçəsi artıq seçicilər tərəfindən böyük etirazla qarşılanıb, hətta təhqirə məruz qalıblar) başa düşürsən ki, adam son beş ildə bir dəfə də olsun seçiciləri ilə görüşməyib. Yenə də hayasızcasına həmin dairədən namaizədliyini irəli sürüb”.
Axin.az-ın xəbərinə bunu, Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdülkərimov deyib.
“Bu tiplərə biri başa salsın ki, ay yoldaş, nə üçün dövlətin siyasətinə kölgə salırsan? Abrın, həyan olsun, rədd ol namizədliyini geri götür. Heç olmazsa, get başqa dairədən namizəd ol. Nə vaxta kimi belələri öz maraqlarını dövlət maraqlarından üstün tutacaq, heç bir inkişafdan danışa bilməyəcəyik. Nə qədər ki, gec deyil biriləri bunların başına ağıl qoysun. Əks halda bölgələrdə narazılıqların baş qaldırması qaçılmaz olacaq. Bu yerdə Azərbaycanı seçkilər vasitəsilə qarışdırmaq istəyən qüvvələrin olması barədə siqnalları xatırlatmaq istərdim. Yəqin ki, həmin ssenari belələri vasitəsilə həyata keçiriləcək” – A.Abdülkərimov qeyd edib.