Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan efirdə kiçik yaşlı qızın “Tərəkəmə” rəqsini oğlan kimi oynamasına qəzəblənib.
Qalmaqallı hadisə “Yaxşı deyək, yaxşı eşidək” verilişində baş verib. Seyidcahan milli rəqslərimizdə qızların və oğlanların rəqsinin fərqli olduğunu söyləyib. Müğənni qızların oğlan, oğlanların isə qız kimi rəqs etməsini “faciə” adlandırıb:
“Bu çərxi-fələk tərsinə dövran edir. İndi qızlar oğlan, oğlanlar qız olur. Bu “Tərəkəmə” rəqsini Xalq artisti, rəqqasə Roza Cəlilova belə oynayırdı? Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar indi oriyental rəqs edirlər. Bunu isə biz bəzi məclislərdə görürük".
Əməkdar artistin bu fikirləri sosial şəbəkələrdə də müzakirə olunub.
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Lalə Mehralı fikirlərini bölüşüb:
"Uşaq üçün mən də üzüldüm, amma Elza Seyidcahan düz etdi. Valideyni də orda olub yəqin ki, o da eşidib deyilənləri. Amma heç vecinə də almır. Bu cür oynayanları ora çıxaran efirə də, o valideynlərə də kimsə həddini bildirməlidir. Qız uşağıdır, kişi kimi oynamağı bir yana, narkoman hərəkətləri, jestləri təbliğ edirlər oyunda, ayaqları qatlayıb yellənə-yellənə oynamaq nə zamandan incəsənət olub? Sosial şəbəkələr doludu bu cür oynayan körpə qızlarla. Valideynləri toylara aparır bu qızları pul müqabilində, sərxoş kişilər yığılır, ortaya salıb fitə basıb oynadırlar uşağı, valideyn də fəxrlə çəkib paylaşır. Bu boyda problemi bir mənəm görən? Yaxşı, bir qələt edib çıxarıblar efirə bu uşağı, heç olmasa valideyn o oyuna uyğun geyim geydirməli idi. Oğraş və murdar zamandır, qız uşağı böyüdənlər iki dəfə diqqətli olmalıdır. Amma belə görürəm bir çox halda elə valideynin özündən qorumaq lazımdır uşağı".