“Ramiz Mirişli haqqında danışmaq mənim üçün çox böyük fəxrdir ki, Azərbaycan musiqisində, mahnı janrında belə bir böyük şəxsiyyət və bəstəkar olub. İkiqat xoşbəxt insanam ki, onun haqqında həm sənətkar, həm də dost kimi danışıram”
Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib. B.Vəziroğlu Ramiz Mirişli ilə olan dostluq münasibətlərindən söz açıb:
“Ramiz Mirişli haqqında danışmaq mənim üçün çox böyük fəxrdir ki, Azərbaycan musiqisində, mahnı janrında belə bir böyük şəxsiyyət və bəstəkar olub. İkiqat xoşbəxt insanam ki, onun haqqında həm sənətkar, həm də dost kimi danışıram. Tale elə gətirib ki, tələbəçilik illərindən özümdən böyük insanlarla dostluq etmişəm. Ailəvi dost olmuşam, evlərinə gedib-gəlmişəm. Onda bir qarnı ac, bir qarnı tox tələbəydim, o adamların evinə gedəndə isə bunu həmişə hiss ediblər. Konkret olaraq Ramiz Mirişlidən danışmaq istəyirəm ki, mən onlara gələndə mətbəxə keçirdi. Həyat yoldaşı Zərifə xanım bakılı idi. Çay içib qaxlmaq istəyəndə deyirdi ki, əgər yemək yeməsən, Zərifə xanım inciyər. Yəni o dərəcədə bizim münasibətlərimiz var idi. Təbii ki, bunlar məni bir insan kimi ağrıdır. Baxmayaraq ki, uzun, xoşbəxt ömür sürdü. Gözəl balaları, ad-sanı və bir sözlə, hər şeyi yerində idi. Hər şeyə baxıb naşükürlük edə bilmərik. Amma bu var ki, Azərbaycan musiqi sənətindən, mahnı janrından nə boyda bir şəxsiyyət, sənətkar getdi. Biz əsas buna yanırıq. İnsan ömrüdü yaşayır və bir gün də bitir. Ramiz müəllim səksən il normal ömür yaşadı. Onun nəsli davam edir, amma Ramiz Mirişlinin sənətkar kimi nəsli davam edəcəkmi? Böyük faciə budur. Çünki biz görürük ki, sonuncu nümayəndələr Azəbaycan mahnı janrından gedir. Azərbaycan mahnı janrı bu gün cılızlaşır. Bu sahənin içində olduğum üçün buna daha çox yanıram.
Ramiz müəllim ilk dəfə kamança ifaçılığı ilə musiqiyə gəlib. O, kamançanı mahnı janrına gətirdi. R.Mirişlinin bu cür sənətkarlığını görüb bədxah qonşularımız kamançadan gözlərini yığışdırdılar və etiraf etdilər ki, bunu biz Ramiz müəllim kimi nə ifa, nə də musiqiyə gətirə bilərik. Yəni o qədərəcədə kamançanı azərbaycanlılaşdırdı. R.Mirişli kamançanın bütün çalarlarını Azərbaycan mahnı janrına gətirdi. Yəni Azərbaycan estrada musiqisi Avropadan gəlmə musiqidir, amma R.Mirişli və onun kimi böyük mahnı bəstəkarları Azərbaycan milli estradasını yaratdılar. Bu da tamam fərqlənir. Bu gün R.Mirişlinin mahnıları səslənəndə adam başqa mənada azərbaycanlı olduğu üçün fəxr edir və düşünür ki, onun kimi bir sənətkarla soydaşam. “Küsüb məndən”, “Dalğalar”, “Bir könül sındırmışam”, “İlk sevgi” kimi mahnıları var. Azərbaycan musiqi janrı fondunun ən gözəl nümunələri R.Mirişliyə məxsusdur. Həm biz dostluq etmişik. Mən dostum Kamal və Ramiz müəllim tez-tez görüşərdik. Bu gün o günləri xatırlamaq çox ağırdı və həm də xoşbəxtlikdir ki, belə bir adamla dostluq etmişəm. Ramiz müəllim kimi, ailəvi, yaxın dostum olmayıb. O, başqalarından bu mənada fərqlənir. Allah rəhmət eləsin. Ruhu şad olsun”.
Qeyd edək ki, dünən Xalq artisti Ramiz Mirişlinin doğum günü, bu gün isə anım günüdür.