“Bank Avrasiya” ASC 2019-cu ili 5,357 milyon manat xalis mənfəətlə başa vurub.
“Axin” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 3,4% çoxdur.
Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 170,438 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7% çoxdur. Bunun 97,235 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 14,9% böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 2,6% azalaraq 100,721 milyon manata, o cümlədən depozit portfeli 1,2% azalaraq 53,822 milyon manata düşüb, balans kapitalı isə 8,6% artaraq 69,717 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.