Tokio Yay Olimpiya Oyunları başa çatıb.
Axın.az xəbər verir ki, yarışların son günündə 13 medal dəsti sahibini tapıb.
Bununla da iyulun 21-də start götürən, rəsmi açılışı iki gün sonraya təsadüf edən Olimpiadaya yekun vurulub. Yaponiya paytaxtında ümumilikdə 339 dəst medal sahibini tapıb. Yarışların birində iki qızıl medal təqdim edildiyindən 340 çempionluq və 338 vitse-çempionluq qeydə alınıb. Bürünc medalların sayı isə 402 olub.
Medal sıralamasının qalibi də son gündə müəyyənləşib. Yarış boyu zirvəni asiyalılara uduzan ABŞ bugünkü medalları ilə liderliyə yüksəlib. Tarixində ikinci dəfə qalıb olmaq şansı əldə edən Çin isə yekunda ikinciliklə kifayətlənib. Meydan sahibi Yaponiya “üçlüy”ü qapayıb.
Azərbaycan olimpiyaçıları “gündoğar ölkə”də üç gümüş və dörd bürünc qazanıb. Yığmamız bu göstərici ilə 67-ci yeri tutub.
Millimizdə karateçilər Rafael Ağayevlə İrina Zaretskaya və sərbəst güləşçi Hacı Əliyev finalda uduzaraq gümüş mükafat əldə edib. Cüdoçu İrina Kindzerskaya, boksçu Loren Alfonso Dominqes, yunan-Roma güləşçisi Rafiq Hüseynov, qadın güləşçisi Mariya Stadnik üçüncülüklə kifayətlənib.
Qeyd edək ki, ümumilikdə 93 ölkə medal, 65-i qızıl medal qazanıb.