Tokio Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasimində və yarışlarda tamaşaçıların məhdudlaşdırılması ilə bağlı əlavə düzəlişlər edib.
Axın.az xəbər verir ki, açılış mərasimi və Tokio Milli Stadionundakı genişmiqyaslı tədbirlər tamaşaçısız keçiriləcək. Yalnız yeganə istisna Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri üçün olacaq.
Belə nümayəndələrin təxminən 10 min olacağı güman edilirdi. Lakin təşkilatçılar onların sayını azaltmaq niyyətindədir. Bu rəqəmin rəsmi olaraq 8 iyulda keçirilməsi planlaşdırılan görüşdən sonra açıqlanacağı gözlənilir.
Tamaşaçılar yalnız Milli Stadiondan kənarda keçiriləcək tədbirlərə və yarışlara qatıla biləcək.
Qeyd edək ki, Tokio Olimpiadasında futbol yarışlarına iyulun 21-dən start veriləcək. 23 iyulda açılış, 8 avqustda bağlanış mərasimi keçiriləcək.
Səbuhi Musayev