Azərbaycanın MMA idmançıları – Tofiq Musayevlə Vüqar Kərəmov uzun fasilədən sonra rinqə qayıdırlar.
Axın.az-ın xəbərinə görə, onlar yenə Yaponiyanın “Rizin” təşkilatının yarışında çıxış edəcək. Hər iki idmançımız bu dəfə iyunun 13-də Yaponiyanın paytaxtı Tokioda baş tutacaq “Rizin-28” turnirində döyüş keçirəcək.
“Rizin”də 2019-cu ildə Qran Pri kəmərinə yiyələnmiş Tofiq Musayev bu dəfə yüngül çəkidə (-70 kq) turnirin titul döyüşünə çıxacaq. O, “Rizin” kəməri üçün braziliyalı “Satoşi” ləqəbli Roberto de Souza ilə döyüşəcək. Qarabağ Müharibəsində leytenant kimi qulluq etmiş Tofiqin 31 yaşlı rəqibi indiyədək keçirdiyi peşəkar 12 MMA döyüşündən 11-də qalib gəlib, 1-də uduzub.
Vüqar Kərəmov isə sonuncu dəfə ötən ilin əvvəlində debüt etdiyi “Rizin”də ikinci döyüşünə çıxacaq. Onun rəqibi Yutaka Saito olacaq. 33 yaşlı Saito indiyədək 23 döyüş keçirib. O bunun 19-da qalib gəlib, 4-də məğlub olub. Bu döyüş 66 kq çəki dərəcəsində baş tutacaq.
Qeyd edək ki, bu iki idmançının döyüşü hər dəfə pandemiya səbəbindən uçuş məhdudiyyətinə görə baş tuta bilmirdi.