Türkiyə millisi Latviya yığmasına 97 ildir qalib gələ bilmir.
Axin.az Qol.az-a istinadən xəbər verir ki, bu qalibiyyətsizlik seriyası DÇ-2022-nin seçmə mərhələsindən də yan keçməyib. Şenol Günəşin futbolçuları ötən gün 3-cü turda Latviya ilə 3:3 hesablı heç-heçə edib.
Ümumiyyətlə, ay-ulduzlular 7 dəfə qarşılaşdığı Latviyaya cəmi 1 dəfə qalib gəlib. Bu, 97 il əvvəl - 1924-cü ilin iyun ayında baş verib. Riqada keçirilən yoxlama oyununda Türkiyə 3:1 hesablı qələbə qazanıb. Daha sonra oynanılan 6 matçdan 1-də Latviya qalib gəlib, 5-də isə heç-heçə qeydə alınıb. “Avro-2004”ün pley-off mərhələsində 2003-cü ildə keçirilən Latviya - Türkiyə görüşündə ev sahibləri 1 cavabsız qolla qalib gəlib. İstanbuldakı təkrar oyunda türklər 2:0 hesabı ilə irəlidə olsalar da, qonaq komanda sonra 2 qol vuraraq 2:2 hesablı heç-heçə edib və sensasiyaya imza ataraq final mərhələsinə vəsiqə qazanıb.
Türkiyə ilə Latviya arasında növbəti görüş 2013-cü ildə olub. Almaniyadakı bu yoxlama görüşü də heç-heçə bitib – 3:3. Komandalar növbəti dəfə “Avro-2016”nın seçmə mərhələsində qarşılaşıblar. Türklər bu dəfə də qələbə qazana bilməyiblər (hər iki görüş 1:1).
Nəhayət, dünən DÇ-2022-nin seçmə mərhələsindəki oyunda da heç-heçə yekunlaşıb. Bununla da Latviya mübarizə apardığı G qrupunda səfərdə oynamasına baxmayaraq, ilk xalını qazanıb.
Qeyd edək ki, hazırda Türkiyə qrupunda 7 xalla liderdir. Niderland 6 xalla 2-ci, eyni xalı olan Monteneqro isə 3-cü, Norveç 6 xalla 4-cü, Latviya 1 xalla 5-ci, Cəbəllütariq isə 0 xalla sonuncudur.