Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri martın 16-də rəsmən açıq elan olunacaq.
"Axin.az"ın məlumatına görə, turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Van Hao (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.
Qarşılaşmalar 14 tur olmaqla 17 mart - 3 apreldə baş tutacaq. İştirakçılar 20, 24, 28 mart və 1 apreldə istirahət edəcəklər. Turnirin mükafat fondu 500 min avrodur.
Yarışda bəzi sağlamlıq və təhlükəsizlik tədbirləri qüvvədə olacaq:
1. Turnirin bütün iştirakçıları, rəsmi şəxslər və qonaqlar üçün ixtisaslı tibb bacılarının olduğu yoxlama məntəqəsi yaradılacaq. Ziyarətçilər oyun otağına girməzdən öncə koronavirusla bağlı yoxlanışdan keçəcəklər;
2. Alkoqol əsaslı əl sanitariya vasitələri daim mövcud olacaq;
3. N95 üz maskaları lazımi miqdarda olacaq. Vəziyyətin qiymətləndirilməsindən asılı olaraq, maskaların geyilməsi salonda olanlar üçün məcburi sayıla bilər;
4. Qarşılaşmadan əvvəl və sonra əllə görüşmək istəyə bağlıdır;
5. Məkana gələn tamaşaçılar oyun meydanına daxil olmayacaqlar;
6. Profilaktik tədbirlər (maskalar, dezinfeksiyaedici maddələr) iştirakçıların və rəsmilərin yerləşəcəyi bütün otel otaqlarında, eləcə də tunirdə istifadə edilən bütün nəqliyyat vasitələrində təmin olunacaq;
Tələblərdən asılı olaraq digər profilaktik tədbirlər təyin edilə bilər.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov İddiaçılar Turnirinə qatılmaqdan imtina edib. Rəcəbov bu yarışa Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı