Lənkəran rayonunda yol qəzası baş verib, sürücü ölüb.
"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində qeydə alınıb.
Belə ki, Rusiya vətəndaşına məxsus qoşqulu yük maşını ilə Cəlilabad rayon sakininin idarə etdiyi "QAZel" markalı yük maşını toqquşub.
Nəticədə "QAZel" markalı yük avtomobili alovlanıb. Yanğın zamanı sürücü ölüb, avtomobildə olan Cəlilabad rayonunun Alar kənd sakini, 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib. Yanaraq ölmüş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.