ABŞ-ın Havay ştatının Maui adasında başlayan meşə yanğını Sakit Okeanda qasırğanın təsiri ilə güclənib və böyüyüb. Yanğınlar ən azı 36 nəfərin ölümünə səbəb olub və Maui adasındakı Lahaina turizm çimərlik şəhərinin çox hissəsini məhv edib.
Havay adalarını fəlakət bölgəsi elan edən prezident Co Bayden, Maui adasında böyük dağıntılara səbəb olan yanğınlardan sonra əyalətə federal yardımı artırdığını açıqladı. Ağ Evdən verilən açıqlamada, Maui yanğınından zərər çəkənlərə federal yardımın veriləcəyi vurğulanıb.
Havay adalarının fəlakət bölgəsi elan edilməsi yanğında evlərini itirənlərin müvəqqəti sığınacaq və mənzil bərpası üçün maliyyə vəsaiti üçün müraciət etmələrini asanlaşdıracaq və biznes sahiblərinə bərpa proqramları üçün müraciət etməyə imkan verəcək. Havay qubernatoru Coş Qrin ilə görüşən Bayden həyatını itirənlərə başsağlığı mesajı da çatdırıb.
Prezident Bayden Milli Qvardiya, Sahil Mühafizəsi, ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının səfərbər edildiyini, Nəqliyyat Departamentinin evakuasiya səylərinə kömək etdiyini bildirdi.
Hər il 2 milyon turistin ziyarət etdiyi Mauinin qərb hissəsinə giriş demək olar ki, tamamilə kəsilib, yalnız bir avtomobil yolu açıq saxlanılıb və minlərlə insan ərazidən evakuasiya edilib. Lahayn şəhərində səlahiyyətlilər bir çox məhəllələrin, limanların və ətraf ərazilərin yandırıldığını bildiriblər. Bəziləri alovdan və tüstüdən xilas olmaq üçün okeana üz tutub.
Axın.Az