Ermənistanda parlament seçkiləri qabağı siyasi vəziyyət daha da gərginləşir. İyunun 20-də növbədənkənar parlament seçkilərində mübarizənin əsasən Nikol Paşinyan və Robert Koçaryanın başçılıq etdiyi seçki blokları arasında gedəcəyi gözlənilir. Bu siyasi kampaniyada tərəflər Qarabağ amilindən də istifadə edirlər. Xocalı soyqırımının təşkilatçılarından biri olmuş Koçaryan seçkini udmaq üçün bütün üsullara əl atır. O, bunun üçün Ermənistana Azərbaycanın işğaldan təmizlənən bölgələrindən, Qarabağdan gələn ermənilərdən yararlanmağa səy göstərir.
Robert Koçaryan keçmiş yerlilərinin səsini almaq üçün bütün vasitələrdən istifadə edir. O, ermənilərə reallaşması mümkün olmayan vədlər verir. On il Ermənistana prezidentlik etmiş Koçaryan öz soydaşlarının səsini pulla almağa çalışır. Sünik və Qeqarkunik vilayətlərində seçicilərin səslərini almaq üçün sakinlərə pul və gündəlik tələbat malları paylayırlar. Məlum olduğu kimi, Koçaryan dəstəsi keçmiş məmurlardan ibarətdir. Onların malik olduqları varidatın böyük hissəsini qanunsuz yolla əldə etdikləri sirr deyil.
Hakimiyyətə qanunsuz yola yiyələnib onu əldə saxlamaqla bağlı Koçaryanın təcrübəsi də var. O, 1998-ci ildə Levon Ter-Petrosyanı ictimaiyyəti aldatmaqla istefaya göndərdi. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində silahl hücum təşkil etməklə siyasi rəqiblərini fiziki olaraq sıradan çıxararaq 2008-ci ilədək hakimiyyətini möhkəmləndirdi. Həmin il yerlisi və Xocalıdakı törətdiyi cinayətin ortağı Serj Sarqsyanın prezidentliyini güc tətbiq etməklə təsdiqlətdirdi. Bununla da hakimiyyətdə olduğu müddət və ondan əvvəl törətdiyi cinayətləri ört-basdır etməyə nail oldu.