Sinqapurda ilin ilk rübündə işsizlik səviyyəsi 2,4% olub ki, bu da son 10 ilin ən yüksək göstəricisidir.
“axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan Resursları Nazirliyinin bazar ertəsi yaydığı hesabatda deyilir.
Hesabatda vurğulanır ki, ilin ilk üç ayında ümumilikdə 25,6 min nəfər iş yerini itirib.
Ən çox zərər görən sahələr turizm, pərakəndə satış, restoran və kafe, əyləncə və incəsənət olub. Eyni zamanda, səhiyyə və rəqəmsal texnologiyalar sahəsində nisbətən normal vəziyyət mövcuddur.
İnsan Resursları naziri Cozefina Teo deyib ki, koronavirus pandemiyası və onunla əlaqədar məhdudiyyətlərin əmək bazarına ciddi təsiri hələ tam bilinmir. O, yanvar ayında əyləncə tədbirlərinin hələ keçirildiyini, turizmin davam etdiyini və beynəlxalq səyahətlərə yenicə qadağa tətbiq edildiyini xatırladıb.
Qeyd edək ki, mayın sonunda Sinqapur Baş nazirinin müavini, Maliyyə naziri Hen Svi Kit müəssisələri dəstəkləmək, o cümlədən iş yerlərini qorumaq üçün 33 milyard Sinqapur dolları (23,2 milyard ABŞ dolları) məbləğində yeni iqtisadi yardım paketi barədə məlumat verib. Bununla hökumət koronavirus pandemiyasının iqtisadi nəticələrini aradan qaldırmaq üçün yardım paketini 100 milyard Sinqapur dollarına (70,3 milyard ABŞ dolları) çatdırıb, bu isə ölkə ÜDM-nin təxminən 20%-ni təşkil edir.