Kanada Azərbaycanlıları Şəbəkəsi və Kanadanın Azərbaycan icması bu ölkənin xarici işlər naziri Melani Jolinin bəyanatını pisləyib.
Bu barədə Kanada Azərbaycanlıları Şəbəkəsinin bəyanatında deyilir.
Belə ki, Kanada Xarici İşlər Nazirliyinin rəhbərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi - Qarabağı “Artsax” adlandırması pislənilib.
“Artsax” Azərbaycanın suveren ərazisindəki qanunsuz, Rusiyanın dəstəklədiyi, dünyanın heç bir ölkəsi, o cümlədən Kanada tərəfindən tanınmayan separatçı rejimdir. Qeyri-qanuni rejim Azərbaycanın suveren ərazilərinin 30 ildir ki, BMT tərəfindən elan olunmuş işğalına, Ermənistanın işğalı nəticəsində 40 mindən çox insanın ölümünə, 800 min azərbaycanlı mülki vətəndaşın öz ev-eşiyindən didərgin salınmasına, Azərbaycan şəhərlərinin dağıdılmasına, Qarabağ bölgəsində davam edən mina fəlakətinə görə məsuliyyət daşıyır”, - bəyanatda qeyd edilib.