Yay mövsümü ilə əlaqədar və yerli bazarda vaksinasiya fonunda koronavirus pandemiyasının zəifləməsi ərəfəsində əmək bazarında tələb və təklifin prioritetləri əhəmiyyətli dərəcədə dəyişib.
Tut.az populyar elanlar portalının iş elanları bölməsində mövcud olan statistikaya əsasən, bu gün paytaxtda ən çox tələb olunan işçilər kuryer və taksi sürücüləridir.
Bir il əvvəl kuryerin orta maaşı 300-600 manat idisə, artan rəqabət fonunda bu peşə üçün maaş 500-800 manata qədər böyüyüb. Taksi sürücülərinə gəlincə, orta maaş praktik olaraq dəyişməyib və 600-900 manat səviyyəsində qalıb.
Bakıda onlayn biznesin inkişafı SMM mütəxəssisi və rəqəmsal marketinq meneceri kimi peşələrə tələbatın kəskin artmasına səbəb olub. Bu tendensiya pandemiya dövründə bir çox şirkətin internetə keçməsi və hazırda sosial şəbəkələr və axtarış sistemləri daxil olmaqla, onlayn seqmentdə öz işlərini tanıtmağa fəal şəkildə çalışmaları ilə əlaqədardır. Yerli bazarda bu seqmentdə güclü mütəxəssis çatışmazlığına görə təklif olunan maaşlar yüksəkdir:
SMM mütəxəssisə iş təcrübəsindən asılı olaraq orta hesabla 600-1000 manat, rəqəmsal marketinq mütəxəssisinə isə 1000-2000 manata qədər maaş təklif olunur.
Pandemiyanın zəifləməsi fonunda aşpazlar, ofisiantlar, baristalar kimi kafe və restoran, o cümlədən satıcı və mühafizəçi vakansiyalarına dair elanlar da əhəmiyyətli dərəcədə artıb.
Əmək resursları sahəsindəki mütəxəssislər Azərbaycanda yay mövsümü ərəfəsində turizm sektorunda vakansiyaların sayının çoxalmasını proqnozlaşdırırlar. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki obyektlərin bərpası üzrə fəal proses inşaat sektorunda işçi qüvvəsini stimullaşdıracaq.
Bu peşələrlə yanaşı iş mərkəzlərinin binalarının güzgülü fasadlarının təmizlənməsi üzrə hündürlükdə (alpinizm) işlər ilə bağlı xidmətlərə tələbatın artması gözlənilir.