Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən “AzeriDefence”yə verilən məlumata görə, peşə bayramı münasibətilə DTX-nin rəisi general-leytenant Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin və Zərifə Əliyevanın əziz xatirəsini yad ediblər.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.