"Son günlər dəm qazından baş verən boğulma və ölüm halları Bakı şəhərinə aid deyil".
Bunu Musavat.com-a açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib.
Baş toksikoloq dəm qazından ölənlərin sayının artması ilə bağlı ünvanladığımız sualı cavablandırarkən deyib ki, bayram günlərində müraciətlərin sayı az olub: "Bayram ərəfəsində bir neçə nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edib. Məsləhət vermişik, tez bir zamanda kömək olunub. Bayramda daha çox allergik reaksiyalarla bağlı müraciətlər olub. Amma müalicə yazılıb buraxılıblar, olunublar, onlar xəstəxanada qalmayıblar. Ümumiyyətlə, bayram günlərində xəstəxanaya müraciət edən az olub.
O ki qaldı, dəm qazından boğulmaların artmasına, bu, ola bilsin rayonlarda baş verib. Bakı şəhəri üzrə kim bizə müraciət edibsə, onlarda ağırlaşma halları olmayıb".
A.Maqsudov onu da əlavə edib ki, əvvəllər spirtli içkilərdən zəhərlənmələr daha çox olurdu, bu bayramda isə rast gəlinməyib: "Ötən il Qida Təhükəsizliyi Agentliyi tərəfindən saxta içkilərin satışını qarşısı alındı, spirtli içkidən zəhərlənmə ilə bağlı bu il bir fakt belə daxil olmayıb".