Ötən gün tanınmış aktyor Ramiz Hüseynzadənin qəfildən dünyasını dəyişməsi hər kəsi sarsıtdı. 41 yaşlı aktyorun beyninə qan sızması nəticəsində vəfat etdiyi bildirilir.
Sənətçi müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəri kimi fəaliyyət göstərib.
Sənətçi bir sıra filmlərdə həm aktyor, həm də ssenarist kimi çıxış edib.
Onlardan "Toy" (2005, tammetrajlı bədii film, ssenari müəllifi, aktyor kimi), "Yumurta" (2015, tammetrajlı bədii film, ssenari müəllifi kimi), Hozu (2017, tammetrajlı bədii film, ssenari müəllifi), "Toydan sonra nağara" (2017, tammetrajlı bədii film, ssenari müəllifi, baş prodüser) göstərmək olar.
Bu günə qədər sənət aləmində bir çox tanınçış və məşhurlar gənc yaşda dünyasını dəyişib. Musavat.com onlardan bir neçəsini təqdim edir:
Məşhur repçi Hüseyn Dərya 2014-cü ildə 38 yaşında yol qəzası nəticəsində dünyasını dəyişib. Ağır xəsarət alan repçi 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanın ilk repçisi hesab edilən Anar Nağılbaz isə 2018-ci ildə 44 yaşında dünyasını dəyişib. Sənətçi uzun müddət idi ki, sirrozdan əziyyət çəkirdi. Məlumata görə, avqustun 4-də evinə qayıdan sənətçinin halı pisləşir. Ailəsi ona təcili tibbi yardım çağırsa da Anar Nağılbaz daxili qanaxmadan yolda keçinib.
İfaları ilə qısa bir zamanda sevimli müğənniyə çevrilən Şəfa Hüseynova 2005-ci ildə 30 yaşında avtomobil qəzasında dünyasını dəyişib.
Tanınmış müğənni və aktyor Rüfət Mehdiyev də 41 yaşında insultdan dünyasını dəyişib. 1992-ci ildən müğənnilik edib. 1 fevral 2011-ci il tarixində insultdan qəfil dünyasını dəyişib.
Şən və Hazırcavablar Klubunun üzvü, millət vəkili Anar Məmmədxanov da illər öncə qəfil dünyasını dəyişib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub. 23 aprel 2011-ci ildə 40 yaşında ürəktutmasından vəfat edib.
Tanınmış müğənni Amid Cəfərov 2016-cı ildə 31 yaşında yol qəzasında vəfat edib. Mərhum müğənninin bir oğlu var.
"Yeni ulduz" telemüsabiqəsinin qalibi müğənni Rəcəb Musayev gənc yaşında avtomobil qəzasında həak olub.
Rejissor Şahin Zəkizadə 38 yaşında qan xərçəngindən dünyasını dəyişib. 2016-cı ildə onda qan xərçəngi aşkarlanır. Ciddi müalicələrə baxmayaraq, xəstəliyin qarşısənı almaq mümkün olmur. Şahin Zəkizadə 12 fevral 2017-ci ildə komaya düşür, 16 fevralda isə dünyasını dəyişir. Xatırladaq ki, Şahiz Zəkizadə Azərbaycanın görkəmli aktyoru və rejissoru Əlisəttar Məlikovun nəvəsi idi.