“Bu gün milli teatrımızın bayramıdır. 1873-cü ildən başlayan peşəkar milli teatrımızın tarixi bu gün də uğurla davam edir. Bəli, son bir ildə biz işləyə bilmədik, bilirsiz ki, pandemiya dövrü başladı, amma pandemiya dövründə yenə də teatrlar tamaşaçılarından uzaq düşmədi. Biz onlayn çıxışlar etdik, onlayn formada tez-tez efirlərdə qonaq olduq, amma inanın ki, bu bir il müddətində biz tamaşaçılardan heç zaman ayrı düşmədik. Bizim teatrın hansı ən-ənələri var idisə o da davam etdi. Mövsümün açılışı, bağlanışı, bütün bunları biz canlı yayımla, onlayn həyata keçirdik”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev deyib.
Teatrın direktoru müharibə dönəmində sənət ocağında görülən işlərdən də danışıb.
“Təbii ki, teatr canlı sənətdir və biz də tamaşaçılarla ünsiyyətdə olanda özümüzü xoşbəxtlərin xoşbəxti sayırıq. 44 günlük müharibə dövründə də bizim teatr döyüşən teatr kimi fəaliyyət göstərdi. Çox video və kliplər çəkildi. Tamaşaçılar hər zaman bizim bu işlərimizi alqışladılar. Amma təbii ki, tamaşalarımız, hansı ki, biz üzərində işləyirdik, onlar yarımçıq qaldı. Dünüşürük ki, orada çox gözəl dəyişiklər olacaq, repertuar planında yeni əsərlər ərsəyə gələcək, bu əsərlərin hamısı qalib bir əsgərin obrazını yaradacaq. Çünki biz 44 günlük müharibədən sonra şərəfli bir ad daşıdıq, qalib xalq, qalib dövlət. Biz müzəffər ordumuzun, Ali Baş Komandanın böyük qələbəsini təbii ki, səhnə əsərləri ilə qeyd etməliyik.
Əliqismət Lalayev dövlətin teatra dəstəyindən də danışıb.
“Azərbaycan teatrları həmişə dövlət üçün, ölkə rəhbərliyi üçün prioritet sahə olaraq qalır. Ölkə rəhbərliyinin teatrlara göstərdiyi qayğı hələ ulu öndər Heydər Əliyevin vaxtından davam edir. Bizim teatr adamlarına, incəsənət xadimlərinə göstərdikləri bu qayğı nəticəsində bizdə böyük həvəs, stimul yaranır. Bizim Akademik Musiqili Teatrın gözəl binası möhtərəm prezidentimiz cənab İlham Əliyevin qayğısı, biləvasitə iştirakı ilə təmir olunub. Çox gözəl bir binamız var. Dünyanın hər bir yerindən Azərbaycanda olan insanlar teatrımıza böyük sevgi və heyranlıqla baxırlar. Bu təbii ki, xalqımıza, millətimizə cənab prezidentimizin bir töhfəsi, hədiyyəsidir. Biz qürur duyuruq ki, belə bir möhtəşəm binada çalışırıq. Siz bilirsiz ki, Akademik Musiqili Teatrın binasının tarixi qədimdir. Azərbaycan teatrının təşəkkül tapmasında Hacı Zeynalabdin Tağıyevin çox böyük əməyi olub. Bu bina məhz ilk teatr binasıdır ki, Azərbaycan teatrı burda formalaşıb, fəaliyyət göstərib. Bu gün biz həmin binada, amma çox gözəl şəraitdə, dünyada hər bir sənətçinin, aktyorun heyrət edə biləcəyi bir şəraitdə çalışırıq. Düşünürəm ki, tezliklə bu pandemiyaya son qoyulacaq, biz tamaşalarımızı sevimli tamaşaçılarımıza təqdim edəcəyik. Bu gün isə bayramdır, bayramda yaxşı şeylərdən danışmaq lazımdır. Biz ümid edirik ki, tezliklə özümüzün normal iş fəaliyyətimizə qayıdacağıq. Sizin vasitənizlə bir daha teatr ictimaiyyətini, tamaşaçılarımızı təbrik edirəm. Yaşasın Milli Teatr, yaşasın Azərbaycan teatrı” deyə direktor bildirib.