“Çox arzu edərdim ki, televiziyalarımız bu ərəfələrdə həmin verilişlərə alimlərimizi, ağsaqqallarımızı dəvət etsinlər. Yenə də oxusunlar, oynasınlar, etirazımız yoxdur. Amma bayramlarımız şounun üzərində qurulmasın”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Ş.Əbdül müqəddəs bayramlarımız haqda efirlərimizdə məlumat verilməsinin vacibliyini vurğulayıb:
“Bizim ulularımız, söz sahiblərimiz hər şeyin qədrin bilib və onu vəsf ediblər. Qurbani deyirdi ki:
“Başına mən dönüb, ay gözəl Pəri,
Adətdi dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni...”.
Dünyada heç kəs yazın gəlişini bu cür obrazlı şəkildə təsvir edə bilməyib. Bu bizim ozan aşıq ədəbiyyatımızdadır. Çox təəssüf edirəm ki, yenə məni qınayacaqlar, amma deyəcəm. Pis şeydən danışıb, ona qarşı vuruşmaq lazımdır. Ona görə ki, yaxşılar Allaha şükür var. Bu gün od çərşənbəmizdir. Rəssamlarımız, rejissorlarımız bu sahədə çalışırlar, çox sağ olsunlar. Amma içində elmi-fəlsəfi izahlar, müdrik kəlamlar yoxdur. Hər şeyi döndərib şou etmişik. Axı bu xalqın tarixi, mədəniyyəti, ənənələri şou deyil. Bizim dünyaya milli kimliyimizi sübut edən müqəddəs kəlamlarımız var. Çox arzu edərdim ki, televiziyalarımız bu ərəfələrdə həmin verilişlərə alimlərimizi, ağsaqqallarımızı dəvət etsinlər. Yenə də oxusunlar, oynasınlar, etirazımız yoxdur. Amma bayramlarımız şounun üzərində qurulmasın.
Ümumiyyətlə, bütün aparıcılarımızdan xahiş edirəm ki, ya sözü gülüb desinlər, ya da sözü deyəndən sonra gülsünlər. Sözün də, gülüşün də öz yeri var. Mütləq sözü tamaşaçıya çatdırmaq lazımdır. Burda hər şeyin ünsiyyət, fikir vasitəsi müqəddəs sözdür. Dünya da sözdən yaranıb. Ötən yazılarımızda dörd fəslimizlə bağlı izahlar vermişdim. Qədim bayatımızda da bu ifadə olunub:
Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı.
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
Bunlar yaz, payız, qış və bahar fəsli haqdadır. Bu dörd fəsli bundan gözəl necə ifadə etmək olar? Bayramlarımız əslində dünyanın yaranma tarixidir. Od çərşənbəmizdə böyük fəlsəfi birlik, düşmənə qarşı amansızlıq var. Deyir ki,
Ağırlığım, uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Ağırlığım od olsun, odda yanan yad olsun...”.
İndi yüzlərlə belə misallar çəkmək olar. Bütün ziyalılarımıza, el ağsaqqallarımıza, ağbirçəklərimizə və o cümlədən də televiziya rəhbərlərinə müraciət edirəm ki, müqəddəs dəyərlərimizi nadanların xoşuna gəlmək üçün şouya döndərməyin. Axı biz şoumen deyilik? Bir daha çərşənbə bayramımız münasibətilə xalqımızı təbrik edirəm”.