Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul” devizi altında yaz ağacəkmə aksiyalarını davam etdirir.
Nazirliyin mətbuat katibi İradə İbrahimova Axin.az-a bildirib ki, martın 7-də nazirliyin kollektivi rəhbərliklə birgə Qobustan rayonunun Cəngi kəndində 2 hektar ərazidə 2000-ə yaxın müxtəlifcinsli ağac əkib.
Martın 6-da isə Şabran rayonu ərazisində 3 hektarda 2000-dən çox şam ağacı əkilib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, mövsümün sonunadək davamlı olaraq ağacəkmə aksiyaları bütün rayonlarda keçiriləcək və hər həftə ağac əkinləri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Nazirliyin sözçüsü qeyd edib ki, bir həftə ərzində respublika üzrə, ümumilikdə, 80 hektar ərazidə 94 min 620 müxtəlif meyvə və meşəcinsli ağac əkilib. O cümlədən 4 min 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlifcinsli ağac və kol bitkiləri əkilib.
Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.