Prezident İlham Əliyev dünən regionların inkişafına dair növbəti dövlət proqramının icrasının yekunlarına həsr edilmiş müşavirə zamanı Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün görülən işləri xatırladıb. Dünyanın iri ölkələrində küçələrdə yoxsulların dolaşması barədə danışıb.
İlham Əliyevin çıxışından sitat:
-Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır. İndi inkişaf etmiş ölkələrin şəhərlərinə baxın, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var. Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür.
Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasıb adam olmasın.