"COVID-19" pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 2020-ci ilin mart ayından ölkə ərazisindəki ali təhsil müəssisələrində tədris distant formaya keçirilib. Bəs yeni tədris ilindən universitetlərin açılması gözlənilirmi?
Mövzu ilə bağlı təhsil eskperti Kamran Əsədov BiG.AZ-a açıqlama verib:
"Bu gün biz universitetlərdə oxuyan tələbələrin sayından narahat ola bilərik, yəni ölkədəki 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır.
Bizim bakı şəhərindəki restoranlarla keçirdiyimiz sorğuda gördük ki, ümumiyyətlə ictimai iaşə obyektlərindən, satış mərkəzlərindən istifadə edən insanların sayı bu rəqəmlərdən dəfələrlə çoxdur. Yəni ali təhsil müəssisələrində qaydalara daha ciddi şəkildə əməl olunması mümkündür. Bu halda isə orta təhsilin bərpası mütləqdir.
Həm də ölkədə 2-ci doza vaksin qəbul edən şəxslərin sayı da 1 milyonu keçib. Ümumiyyətlə, çoxsaylı insanlar artıq vaksinasiyaya cəlb ediliblər. Orta ümumi təhsil müəssisələrində bu göstərici daha yüksəkdir. Ali məktəblərdə də vaksinasiya ilə bağlı müsbət tendesiya var. Bütün bunlar icazə verir ki, Azərbaycanda növbəti tədris ilində, yəni 2021-2022-ci il tədris ilinin sentyabr ayında dərslər ənənəvi qaydada başlaya bilər. Böyük ehtimalla da başlayacaq. Bu vacibdir, çünki bütün hallarda biz pandemiya dövrünün qaydalarına düzgün şəkildə əməl edirik. Necə qorunmaq lazım olduğunu bilirik. Ən əsası isə odur ki, risk qrupuna daxil olan şəxslər vaksinasiyaya cəlb edilib. Bütün bunlar bizə ümid verir ki, sentyabr ayından yeni tədris ili ənənəvi qaydada başlayacaq."