Bir ildən çoxdur ki, dünyada sürətlə yayılan koronovirus infeksiyasının qarşısının alınması məqsədilə müxtəlif qadağalar qoyulur. Onlar arasında el şənlikləri, böyük tədbirlərin keçirilməsi də yer alırlar.
Axşam.az xəbər verir ki, son günlər pandemiyadan ən çox gileylənən sənət adamları olub. Onlar toyun olmamasının onlara maddi sıxıntı yaşatdığını açıqlayıb. Bir il ərzində işsiz qalan müğənnilərdən kimi evini, kimi avtomobilini, kimi də əşyalarını satışa çıxardı.
Əməkdar artist Elnarə Abdullayeva qızıllarını satdığını deyib. Xanəndə bildirib ki, pulsuz qaldığı üçün çarəni bunda görüb.
Əməkdar artist Teymur Əmrah evini satıb. Bu haqda müğənni Elton Hüseynəliyev açıqlama verib. O bildirib ki, müğənni pulun bir qisminə yeni ev alıb, qalanını isə xərcləməyə saxlayıb.
Elton Hüseynəliyev özü isə avtomobilini satdığını etiraf edib. O bildirib ki, iki maşını var idi. Pandemiyada maddi sıxıntısı olduğu üçün onun birini satıb.
Müğənni Xuraman Şuşalı ötən ilin sentyabrında yeni tikdirdiyi villasını satışa çıxardığını açıqlayıb. O bildirib ki, evi hələ tam hazır deyil. 4 sot torpaq ərazisi olan tikiliyə Xuraman 100 min manat xərclədiyini söyləyib.
Müğənni Nadir Qafarzadə isə bahalı saatlarını satıb. O bildirib ki, iki saatına 24 min manat alıb. İfaçı əldə etdiyi pulla həm dolandığını, həm də yardım üçün istifadə etdiyini deyib.
Müğənni Aynur Dadaşovanın evini satdığı ortaya çıxıb. Həyat yoldaşından ayrıldıqdan sonra sənətə qayıdan və məclislərə gedən ifaçı pandemiyada işsiz qalıb. O da çarəni evini satmaqda görüb.
Müğənni Niyam Salami maddi sıxıntıdan ən çox gileylənən sənət adamı olub. O, bir müddət əvvəl "Range Rover" markalı maşınını satıb.