Əli Əsədovla İrakli Kobaxidze arasında məhsuldar danışıqlar. Sənədlər imzalanıb
Siyasət
17-01-2025, 14:34
Yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirilib. Tədbir təkbətək görüşlə başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə iclas davam etdirilib.
Əli Əsədov qeyd edib ki, Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. O, iki ölkə arasındakı strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu və Azərbaycanın Gürcüstanın əsas sərmayədarı olduğunu vurğulayıb. Görüşdə ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
SOCAR-ın Gürcüstandakı layihələri, “Cənub Qaz Dəhlizi” layihəsi və Avropaya yaşıl enerji körpüsünün tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükgötürmə qabiliyyətinin artırılması üçün səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İclasda kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Tədbirin sonunda birgə komissiyanın protokolu, həmçinin konsulluq əməkdaşlığı, rəqəmsal inkişaf, dəniz nəqliyyatı və ekologiya sahələrində Anlaşma Memorandumları imzalanıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə görüşü yüksək qiymətləndirərək, ticarət, enerji və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.