Bakıda səs-küylü məhkəmə başlayır: Qarabağ separatçılarının işi VİDEO
Siyasət
17-01-2025, 14:06
Azərbaycan Baş Prokurorluğu Qarabağdakı keçmiş erməni separatçı rejiminin təmsilçilərinin Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə dair iş üzrə dövlət ittihamçıları qrupunu formalaşdırıb. Bu qərar Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən qəbul edilib.
Qrupun tərkibinə altı dövlət ittihamçısı daxildir: - Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev; - Xüsusi tapşırıqlar üzrə köməkçisi, 2-ci dərəcəli hüquqşünas Tuqay Rəhimli; - Bakı şəhər məhkəmələrində dövlət ittihamlarının təmin olunmasına yardım idarəsinin müdiri, ədliyyə müşaviri Nəsir Bayramov; - Ağır cinayətlər üzrə dövlət ittihamlarının təmin olunması idarəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev; - Baş Prokurorluğun böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev; - Bakı şəhər məhkəmələrində dövlət ittihamının təmin edilməsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.
17 yanvar tarixində Bakıda həmin cinayət işləri üzrə məhkəmə prosesi başlayıb. Proseslər Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Bakı Məhkəmə Kompleksində keçirilir. İlk olaraq Arkadi Qukasyan, Arayik Arutyunyan, Bako Saakyan, David İşxanyan və digərləri barəsində hazırlıq iclasları təşkil olunub. Saat 15:00-da isə keçmiş separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanla bağlı hazırlıq iclası keçirilib.
Cinayət işləri çərçivəsində Ermənistan Respublikasının silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlər üzrə 15 nəfər təqsirləndirilən şəxs kimi müəyyən edilib. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif ağır maddələri – təcavüzkar müharibə, soyqırım, müharibə qanunlarının pozulması, terrorçuluq və digər cinayətlərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslərin hüquqları, o cümlədən müdafiə və məhkəmə prosesi zamanı ana dilində danışmaq hüquqları tam təmin olunub.
Ruben Vardanyan konkret olaraq Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz silahlı birləşmələrin yaradılması və maliyyələşdirilməsi, hərbi cinayətlər, terrorizmin dəstəklənməsi və digər ağır cinayətlərdə ittiham edilir. İstintaq çərçivəsində onun bütün hüquqları qorunub, vəkillərlə təmin olunub, təqdim edilən vəsatətlərə qanunvericiliyə uyğun şəkildə baxılıb.
Bu məhkəmə prosesi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərin hüquqi baxımdan araşdırılmasını və ədalətli mühakimə təmin edilməsini hədəfləyir.